Prezident İlham Əliyevin Sərəncamı ilə General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Işdən azad edilən general-mayorla bağlı maraqlı məlumat yayılıb. O,rəsmiaçıqlanan məlumatlarında Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirməsini qeyd etsə də, ilk oxuduğu universitetin adını gizli saxlayıb. Məlumata görə, İlqar Abbasov hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub. İddiaya görə, o həmin universitetə testdən kənar yolla qəbul olunubmuş.
Maraqlıdır, İlqar Abbasov 10 illər boyu bunu gizlədib Bakı Şəhər prokuroru, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin direktoru kimi böyük vəzifələri necə tuta bilib?
İlqar Hüseynli: “Həmin şəxs testdən kənar yolla qəbul olunduğu ABU-nun diplomu ilə harda işləyibsə, onlar da qanunsuz təyinata qol çəkiblər”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu kimi hallar tək İlqar Abbasovla bağlı deyil, digər qurumların müxtəlif vəzifəli şəxslərində də müşahidə olunub: “Orta təhsilli, ABU-nun məzunu və ya baytarlıq ixtisasını bitirənlər sonradan general rütbəsinə qədər ucalır. Bu kimi hallar təhsilə olan inamı itirir. Əsas məsələ həmin şəxslərin təyinatının necə verilməsidir. Təyinat zamanı onların diplomlarının həqiqiliyi doğrudan yoxlanılıbmı? Məlumdur ki, adıçəkilən şəxs Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirənə qədər müəyyən yerlərdə çalışıb. Həmin şəxs testdən kənar yolla qəbul olunduğu ABU-nun diplomu ilə harda işləyibsə, onlar da qanunsuz təyinata qol çəkiblər. Araşdırma aparılsa, bəlli olar ki, ciddi elm, təhsil verməyən özəl universitetlərin məzunları bu gün müxtəlif qurumlarda vəzifələrdə çalışır”.
Hüseyn Axundov: “Saxta sənədlərin hazırlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur”
Hüquqşünas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, saxta diplomların mövcudluğu cəmiyyətin təhsil sisteminə olan inamını sarsıdır, iş bazarında keyfiyyət standartlarını aşağı salır və dövlət qurumlarının şəffaflığına dair ciddi suallar yaradır: “Bu problemin dərin kökləri, həlli yolları və dünya təcrübəsindən öyrənilən dərslər məsələyə daha geniş baxmağı tələb edir. Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 5-ci maddəsində təhsilin əlçatanlığı, keyfiyyəti və şəffaflığı prinsipləri əsas götürülür. Bununla yanaşı, saxta diplomların geniş yayıldığı mühitlərdə bu prinsiplərin pozulduğu müşahidə olunur. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənədlərin hazırlanması və istifadəsi cinayət məsuliyyətinə səbəb olur. Lakin qanunvericiliyin sərtliyi problemi həll etmək üçün kifayət deyil. Praktikada icra mexanizmləri, institusional nəzarət və ictimai maarifləndirmə çox zəif qalır”.
Günel CƏLİLOVA