AZ

ABŞ-ın dövlət borcuna rekord artım proqnozlaşdırılıb

ABŞ-ın dövlət borcuna rekord artım proqnozlaşdırılıb

Bu onilliyin sonuna qədər ABŞ-ın dövlət borcunun rekord həddə çatacağı və ölkənin ümumi daxili məhsulunun (ÜDM) 143,4 faizinə bərabər olacağı gözlənilir. Bu barədə Böyük Britaniyanın Financial Times (FT) qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna istinadən məlumat verib.

Mövcud göstərici ilə müqayisədə ABŞ-ın dövlət borcu beş ildən sonra milli ÜDM-ə nisbətdə təxminən 20 faiz bəndi artacaq. Məsələn, 2024-cü ilin sonuna ölkənin borc öhdəlikləri ÜDM-in 124 faizi səviyyəsində qiymətləndirilmişdi.

Beləliklə, yaxın gələcəkdə ABŞ-ın borcunun ÜDM-ə nisbəti bu baxımdan ən çox problemlə üzləşən Avropa ölkələrinin — İtaliya və Yunanıstanın göstəricilərinə yaxınlaşacaq. Ötən ilin yekunlarına görə, bu göstərici İtaliyada ÜDM-in 135 faizinə, Yunanıstanda isə 152 faizinə bərabər olub. Büdcədə borc yükünün sürətlə artması Yunanıstanda artıq iri maliyyə böhranına gətirib çıxarmışdı. Həmin dövrdə, yəni 2010-cu illərin birinci yarısında Yunanıstan hökuməti hətta avrozonadan çıxmaq variantını ciddi şəkildə nəzərdən keçirirdi. ABŞ-da analoji böhran baş versə, bu, ölkənin ÜDM-i və dolların qlobal ehtiyat valyutası kimi roluna görə dünya iqtisadiyyatı üçün qat-qat dağıdıcı nəticələr doğura bilər.

BVF analitiklərinin fikrincə, orta müddətli perspektivdə ABŞ üçün daha bir ciddi problem federal büdcənin artan kəsiri olacaq. 2030-cu ilə qədər hər il dövlət xəzinəsinin xərcləri ilə gəlirləri arasındakı fərq təxminən 7 faiz təşkil edəcək. Bu, bütün inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricidir.

Seçilən
15
afn.az

1Mənbələr