AZ

Türk dünyasının qlobal gücə çevrildiyinə ABŞ-dan da reaksiya gəldi...


Vaşinqtonda keçirilən “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” adlı konfransda çıxış edən tanınmış analitik Luk Koffi maraqlı, eyni zamanda uzaqgörən fikirlər səsləndirib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) artıq Avrasiyada formalaşmaqda olan mühüm siyasi və mədəni qütbə çevrilir və ABŞ siyasətçiləri bu reallığı dərk etməli, TDT ilə əlaqələr qurmalıdırlar. Koffi, hətta ABŞ dövlət katibi səviyyəsində TDT ilə görüşün, yaxud sammitin keçirilməsinin vacibliyini vurğulayıb.

Bu mövqe, əslində təkcə nəzəri fikrə deyil, son illərdə regionda baş verən struktur dəyişikliklərə və geosiyasi trendlərə əsaslanır.

TDT-nin əsası 2009-cu ildə qoyulsa da, onun real siyasi çəkisi son illərdə hiss olunacaq dərəcədə artıb. Təşkilatın üzvləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan - həm təbii ehtiyatlara, həm də strateji nəqliyyat mövqeyinə görə Avrasiyanın vacib oyunçularıdır.

Müşahidəçi statusunda olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatın regional təsirinin Qafqaz və Orta Asiyadan Avropaya qədər genişləndiyini göstərir.

Bu, TDT-ni təkcə mədəni inteqrasiya platforması deyil, həm də iqtisadi, enerji və təhlükəsizlik məsələlərində koordinasiyalı qərarlar qəbul edən regional güc mərkəzinə çevirir.

Prezident İlham Əliyev 2025-ci ilin yanvar ayında Milli Məclisdə çıxışı zamanı Türk dünyasının strateji istiqamət kimi önəmini xüsusi vurğulamışdı. O, həmin çıxışında demişdi ki, Türk dünyası bizim əsas ailəmizdir: "Bizim gələcəyimiz məhz Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyənləşir. Türk dünyası böyük bir geosiyasi gücə çevrilməlidir və bu proses artıq gedir”.

Bu bəyanat həm Azərbaycanın xarici siyasət prioritetlərinin istiqamətini göstərir, həm də Türk Dövlətləri Təşkilatının (TDT) artan rolunu əks etdirir.

Hazırda həmin prosesin davam etdiyini göstərən bir neçə əsas tendensiya var.

Əvvəla, Azərbaycan-Türkiyə əməkdaşlığı yeni strateji mərhələyə keçib, xüsusən müdafiə sənayesi, enerji və nəqliyyat sahələrində.

Digər tərəfdən, TDT-nin institusional güclənməsi - təşkilat artıq müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçidlər, ortaq iqtisadi və nəqliyyat layihələri ilə möhkəmlənir.

Eyni zamanda, Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu) Türk dünyasının iqtisadi inteqrasiyasının əsas sütununa çevrilir.

Ən nəhayət, mədəni və humanitar inteqrasiya – ortaq təhsil proqramları, media layihələri və elm sahəsində əməkdaşlıq genişlənir.

Luk Koffinin vurğuladığı əsas amillərdən biri Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsidir.

Bu marşrut Çindən Avropaya uzanan ticarət xəttinin mühüm hissəsidir və Rusiyadan yan keçərək Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətində hərəkət edir.

Bu dəhlizin əhəmiyyəti ondan ibarətdir ki, Rusiya və İran üzərindən asılılığı azaldır, Avropa üçün alternativ enerji və ticarət marşrutu yaradır və Qərb ölkələrinə təhlükəsiz logistik bağlantı təmin edir.

ABŞ və Avropa İttifaqı son illərdə Orta Dəhlizə maliyyə, texnoloji və siyasi dəstək verməyə başlayıblar. Bu, TDT ölkələrinin əhəmiyyətini daha da artırır.

Türk dünyası regionu enerji istehsalçıları (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və enerji tranzit ölkələri (Türkiyə, Gürcüstan) arasında strateji körpü rolunu oynayır.

Məsələn, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və Trans-Anadolu qaz kəməri (TANAP) kimi layihələr Qərbə enerji tədarükündə əsas arteriyalardır.

Türkiyə və Azərbaycan bu sahədə regional enerji təhlükəsizliyinin təminatçıları kimi çıxış edirlər.

Eyni zamanda, Qafqaz və Mərkəzi Asiyada baş verən hərbi-siyasi proseslər TDT-nin təhlükəsizlik koordinasiyasını zəruri edir.

Bu səbəbdən TDT-nin gələcəkdə müdafiə, kiber təhlükəsizlik və sərhəd nəzarəti sahələrində ortaq mexanizmlər formalaşdırması da mümkündür.

TDT həm də mədəni və sivilizasiya əsaslı inteqrasiya modelidir.

Bu təşkilat Qərb, Rusiya və Çin təsirindən fərqli olaraq, öz tarixi, dil və mədəni köklərinə söykənən bir “yumşaq güc” yaradır.

Məhz bu xüsusiyyət Koffi kimi Qərbli analitiklərin diqqətini çəkir. Onun fikrincə, TDT Qərblə əməkdaşlıq etməyə ideoloji və siyasi cəhətdən daha açıq, Rusiya və Çin kimi avtoritar təsirlərdən uzaq bir formatdır.

Beləliklə, TDT-nin böyüməsi həm regional sabitliyin, həm də multipolyar dünya düzəninin vacib elementi kimi görünür.

Luk Koffinin çağırışı - ABŞ-ın TDT ilə əlaqə qurması - strateji məntiqə əsaslanır.

Bu əlaqə ABŞ-a Çin və Rusiyaya qarşı balans siyasəti aparmaq imkanı verər; Orta Asiyada demokratik, açıq iqtisadi sistemləri təşviq edər; Qafqaz və Türk dünyasında Amerika təsirini gücləndirər; eyni zamanda, enerji və nəqliyyat təhlükəsizliyində ABŞ-a yeni tərəfdaş qazandırar.

Buna görə də Koffi ABŞ dövlət katibinə müraciətlə deyir ki, İstanbula gedəndə bir neçə saat vaxt ayırıb TDT-nin qərargahını ziyarət edin, çünki bu qurum getdikcə daha vacib olur.

Yəni Türk Dövlətləri Təşkilatı artıq sadəcə mədəni ideya deyil, Avrasiyada yeni güc mərkəzi kimi formalaşır.

Onun iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində birləşdirici rolu getdikcə artmaqdadır.

Bu reallıq həm region dövlətləri, həm də qlobal oyunçular, xüsusən ABŞ üçün strateji fürsət pəncərəsi yaradır.

Luk Koffinin fikirləri bu reallığın vaxtında dərk edilməsinə çağırışdır.

TDT-nin yüksəlişi nə keçici tendensiya, nə də sadə mədəni layihədir, bu, Avrasiyanın yeni geosiyasi nizamının əsas sütunlarından birinə çevrilməkdədir.

Akif NƏSİRLİ

Seçilən
17
baki-xeber.com

1Mənbələr