Elxan Şahinoğlu: “Paşinyan Köçəryanın səhvini düzəltməlidir”
Tural İrfan: “Kreml həm Bakıya, həm İrəvana təzyiq mexanizmlərini işə salıb”
Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda "Tramp yolu" məsələsi müzakirə olunur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. Rusiyalı diplomat vurğulayıb ki, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır: "Elə bir mövzudur ki, bu, qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə, bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz".
Kopırkin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir: "“Tramp yolu” adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq”.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, Nikol Paşinyan 8 avqustda Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neşə dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub. Ekspertə görə, Kopırkinin sözlərindən belə çıxır ki, Paşinyan bu görüşlərdə “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib:

"Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir. Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmiryollarını Rusiya dəmiryollarına satb. Bu səbəbdən Kreml “Tramp yolu” ilə keçəcək dəmiryoluna iddialı kimi görüntü yaratmaq istəyir. Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək. Buna baxmayaraq, Nikol Paşinyan vaxtilə Köçəryanın dəmiryollarının Rusiyanın nəzarətinə verilməsi səhvini də düzətlməlidir. Rusiya dəmiryoluna nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanı Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək".
Siyasi şərhçi Tural İrfan da bildirib ki, Rusiya bölgədə öz təsir gücünü qoruyub saxlamaq istəyir. Ekspertin sözlərinə görə, Rusiya dəhliz məsələsi üzərindən Ermənistana və Azərbaycana maksimum təzyiq göstərmək istəyir:

"Kreml Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin nəzarətinə qarşı çıxır. Rusiyanın Azərbaycana təzyiqləri nəticəsiz qaldı. Azərbaycan Prezidentinin apardığı hərtərəfli, səmərəli xarici siyasət nəticəsində ölkəmiz güclü müttəfiqlər və tərəfdaşdır qazandı. Rusiya münasibətlərin gərginliyinin ziyanına işləyəcəyini dərk edərək mövqeyini yumşaltmağa məcbur oldu. Hətta qəzaya uğratdığı Azərbaycan təyyarəsi ilə bağlı təzminat məsələsini həll edəcəyi öhdəliyi götürdü. Lakin Rusiya Ermənistana təziqlərini artırır. Müxalifəti və Kilsəni hakimiyyətin üstünə qaldırır, mümkün olduğu qədər öz maraqlarını zor gücünə tətbiq etmək istəyir. İndi də bir növ Ermənistandan "Tramp yolu" ilə bağlı hesabat tələb edir. Əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat tələb etməkdə beynəlxalq hüquqa zidd davranır və ultimatum dilində danışmaqla bölgəni yenidən gərginlik meydanına sürükləyir".