AZ

İnsan haqları üzrə Milli fəaliyyət planı, proqram və qanunlar...


Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifə hesab olunur. Bunun üçün ölkəmizdə yeni qanun layihələri hazırlanıb.

Bu sahədə, dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların üzərinə ciddi məsuliyyət düşür. Deməli, hər kəs məşğul olduğu sahənin fəaliyyət prinsiplərini yaxından dərk etməli və məsuliyyətli olmalıdır. Bununlabelə, hər bir vətəndaş öz hüququnu aydın dərk etməlidir.Yalnız bu halda hüquq pozuntusu faktları azala bilər.

Vətəndaşın hüquqları dövlət tərəfindən etibarlı şəkildə qorunur

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçərək həm BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həm də bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermişdir. Dünyada yaşayan bütün insanların doğulduğu gündən toxunulmaz hüquq və azadlıqları var. İnsan hüquqlarının əsas qayəsi yer üzündəki bütün insanların eyni hüquqa malik olmalarını aydın şəkildə göstərir. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyət və vəzifələrini də müəyyən edir. Vətəndaşın hüquqları dövlət tərəfindən etibarlı şəkildə qorunur. İnsan haqları ölkələrin konstitusiyalarında əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilmişdir. İnsan haqları bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq bu cür ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir". Dərindən diqqət yetirdikcə görürük ki, insan hüquqları insanlar üçün ən etibarlı qoruyucudur. Qəbul olunmuş qanunlar insanların müdafiəsində dayanmaqla yanaşı, həm də onlara cəmiyyətdə, həyatda necə davranmalı olduğunu öyrədir, düzgün yol göstərir, davranış qaydalarını izah edir. İnsan hüquqları hər şeydən əvvəl insanlara həm özünə, həm də başqalarına qarşı hörmətlə yanaşmağı tələb edir. Hər kəsə yüksək insani keyfiyyətlər, mənəvi dəyərlər aşılayır.

Ötən müddət ərzində Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı bir sıra işlər görülüb. Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı “Milli Fəaliyyət Planı” hazırlanıb. Sənəd ümumi olaraq 5 hissədən və 48 bənddən ibarətdir. Sənəddə “Qanun layihələrinin hazırlanması”, Avropa Şurası ilə birlikdə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklərin, habelə “Alternativ xidmət haqqında”, “Bələdiyyələrəəlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələrinin hazırlanması, “İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq”, “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin görülməsi və digər məsələlər qeyd olunub. Bütün bunlar məhz insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi layihələrin bir hissəsidir.

Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, bunun kökündə Azərbaycanın tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi prinsiplər dayanır: “Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə qoşulub. 1966-cı ildə Mülki və Siyasi Hüquqlar haqqında Pakt qəbul olunub. Bunu da BMT qəbul edib. Təqvimdə hər il dekabrın 10-u insan hüquqları və azadlıqları günü elan edilib. Azərbaycan Konstitusiyasının 12-ci maddəsində də dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsindən ibarətdir. Yəni bütün cəhətlərinə görə insan hüquq və azadlıqları hər bir ölkənin həm xarici siyasətində, həm daxili siyasətində, həm diplomatiyasında, həm də dövlətin daxili və xarici funksiyalarının həyata keçirilməsində önəmli rol oynayır. Beynəlxalq hüququn 10 prinsipindən biri insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Bu, dövlətlərin daxili işi deyil. Hətta BMT nizamnaməsində belə bir yanaşma var ki, insan hüquq və azadlıqları dövlətin daxili işi deyil. Azərbaycan Konstitusiyasında 5 azadlıqlardan biri sərbəst toplaşma azadlığıdır. Bunun üçündə kifayət qədər zəmin yaradılır. Konstision maddədən əlavə yeni qanun qəbul edilib. Sərbəst toplaşa azadlığının necə təmin edilməsi ilə bağlı məqamlar öz əksini tapıb. Bununla bağlı bir həftə əvvəl müvafiq icra hakimiyyətinə müraciət edilməlidir. Bir sözlə, Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır. Buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən bir sıra qurumları mühüm yer tutur”.

Vidadi ORDAHALLLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
18
baki-xeber.com

1Mənbələr