AZ

“Sobes” komissiyası yastıpəncə xəstəni hərbi xidmətə yararlı saydı - Lalə Əliyeva şikayətçidir...


Yasamal rayon Dadaş Bünyadzadə 3, mənzil 5 ünvanında yaşayan, AMEA-nın İncəsənət İnstitutunun əməkdaşı Əliyeva Lalə Babək qızı redaksimıza gələrək bildirdi ki, oğlu Babaşov Murad İslam oğlu əsgərliyə yararlı olmadığı halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onun həqiqi hərbi xidmətə yararlı olması barədə düzgün olmayan rəy verib.

Agentliyin rəyindən narazı olduğunu və məsələnin ictimailəşdirilməsini istədiyini deyən L.Əliyeva qeyd etdi ki, qurumun “yararlıdır” rəyindən şikayətçidir vəməsələnin həll olunması ümidi iləölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya, Hərbi Prokurorluğa, Ombudsman Aparatına, Müdafiə Nazirliyinə və digər qurumlara müraciət edib.

Lalə Əliyeva deyir ki, oğlu həqiqi hərbi xidmətə yararlı deyil və bunu həkim-eksert rəyləri də, hərbi çağırış idarəsinin komissiyası da təsdiqləyib. “2000-ci il təvəllüdlü oğlum Babaşov Murad İslam oğlu 2021-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. Amma ayağında problem olduğuna görə ona 3 illik möhlət verildi. Oğlumun ayağında III dərəcəli yastıpəncəlilik var. 2024-cü ilin oktyabr ayında yenidən həqiqi hərbi xidmətə çağırıldı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin komissiyasından növbəti dəfə də keçdi və yenə də əsgərliyə yararsız çıxdı, növbəti dəfə də bildirildi ki, onun ayaqlarında III dərəcə yastıpəncəlilik var. Sonra bizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdilər.

Oğlum oktyabrın 7-də orda komissiyadan keçdi və oktyabrın 15-də oğlumun My.gov-dakı şəxsi kabinetinə məlumat gəldi ki, siz artıq hərbi xidmətə yararlısınız. Mənim öz əlimdə də, hərbi çağırış idarəsində də sənədlər var ki, oğlumun ayaqlarının hər ikisində III dərəcəli yastıpəncəlilik var. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin oğlumla bağlı verdiyi rəydən, qərarından narazıyam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan müvafiq komissiyadan bizə heç bir açıqlama verilmir. Qəbula getsəm də, nəinki qəbul etmədilər, heç qapıdan içəri buraxmadılar. Onu dedilər ki, bizim qəbul etdiyimiz qərar budur, razılaşmırsan get məhkəməyə ver. Oktyabrın 18-dəHərbi Prokurorluğa müraciət etmişik. Həmin quruma teleqram vurdum və məni Hərbi Prokurorluğa çağırdılar, artıq iş açılacaq. Sənədlər yığılıb, indi mənim özümü çağıracaqlar. Gözləyirəm. Vaxtımız çox azdır. Oğluma çağırış vərəqəsi gəlib, ayın sonunda onu əsgər aparmalıdırlar.

Mən hərbi çağırış idarəsindən soruşmuşdum ki, nazirliyin müvafiq komissiyası nə qərar verib. Dedilər ki, sənəddə ayaqları ilə bağlı heç nə yazılmayıb, sadəcə “yararlıdır” yazılıb”.

Lalə xanım bildirdi ki, oğlunun həm də belində skalyoz xəstəliyi var və eyni zamanda da yastıpəncəlidir, bu isə onun normal yeriməsinə maneçilik törədir, bir az artıq yeriyəndə ayaqlarında güclü ağrılar olur. “İstər-istəməz ayağındakı xəstəlik ona pis təsir edir. Qorxum ondandır ki, əsgər çəkmələrini geydikdən sonra xəstəliyi daha da şiddətlənər və ayağında şikəstlik yaranar. Normal ayaqqabıda 40 dəqiqədən artıq gəzə bilmir. Çox istərdim ki, qəzetiniz vasitəsilə bu məsələ ictimailəşsin. Onu da deyim ki, nazirliyin həmin qurumundan zəng edib bizə bildirdilər ki, sizə köməyimiz yalnız belə dəyə bilər ki, vaxt təyin edək, gəlin görüşək...Mənim də o qədər vaxtım yoxdur. Tələbim odur ki, şikayətimə tezliklə baxılsın və düzgün qərar verilsin. Yəni mən o qurumun rəyini obyektiv saymıram. Oğlumun vəziyyəti ilə bağlı düzgün qərar verilməyib”-deyə L.Əliyeva qeyd etdi.

Açıqlama verərsə, qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

İradə SARIYEVA

Seçilən
33
baki-xeber.com

1Mənbələr