AZ

Bakı 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.

90deqiqe.Az-ın məlumatına görə, yazıda paytaxt Bakının 2026-cı ildə keçiriləcək mundialı qarşılşamağa hazırlaşdığı bildirilib.

Qeyd olunur ki, mundial hər il dünyanın ən güclü cüdoçularını bir araya gətirir: on dörd çəki dərəcəsində fərdi mübarizə aparılır, proqramın ən çox gözlənilən hissələrindən biri olan qarışıq komanda yarışı isə turnirə xüsusi rəng qatır.

2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı – dünyanın diqqət mərkəzində olacaq. Dünya səviyyəli cüdoçular yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksək səviyyəli çıxışlarla yadda qalmışdı.

Dünya çempionatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) flaqman tədbiridir və mövsümün zirvəsini təşkil edir. Yarış idmançılara dəyərli dünya reytinq xalları toplamaq, ən güclülərlə üz-üzə gələrək özlərini sınamaq və Los-Anceles 2028 Yay Olimpiya Oyunlarına aparan yolda əsas mövqelərini möhkəmləndirmək imkanı verir. Şübhəsiz ki, bu, ilin ən vacib idman hadisələrindən biridir.

Ev sahibliyinin açıqlanması ilə bağlı IJF-in prezidenti Marius Vizer bunları deyib:

"Gələn il dünya çempionatının Bakıda keçiriləcəyindən çox məmnunuq. Bu seçim həm tatamidə, həm də təşkilati baxımdan ən yüksək səviyyəyə zəmanət verir. Azərbaycan illərdir idman mükəmməlliyini nümayiş etdirir. Buna misal olaraq, Paris-2024-də qazanılan iki Olimpiya çempionluğu və hər il keçirilən Bakı Böyük Dəbilqə turnirinin nümunəvi təşkilatçılığını göstərmək olar. Bakıdakı dünya çempionatı yenə cüdonu daha uca zirvələrə daşıyan əsl qlobal bayrama çevriləcək".

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti cənab Rəşad Nəbiyev də fikirlərini bölüşüb:

"Bakının növbəti dəfə dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır və dərin minnətdarlıq hissi yaradır. Bu tədbir ölkəmizin cüdodakı güclü ənənələrini, eləcə də bu idmanın təmsil etdiyi dəyərlərə - hörmət, intizam və dostluğa - sadiqliyimizi simvolizə edir. Dünyanın ən güclü cüdoçularını Azərbaycanda qarşılamaq gənclərimiz üçün böyük ilham mənbəyi olacaq və milli cüdo hərəkatımızın əsasını daha da möhkəmləndirəcək. Qlobal cüdo ailəsini Bakıda görməyi səbirsizliklə gözləyirik. Əminik ki, bu dünya çempionatı həm idmançılarımız, həm də cəmiyyətimiz üçün davamlı irs qoyacaq".

ACF rəhbəri əlavə edib ki, dünya çempionatı Azərbaycanda cüdonun inkişafı üçün əhəmiyyətli fürsətdir. Onun sözlərinə görə, belə nüfuzlu turnir idmançıları, məşqçiləri və gənc cüdoçuları yeni zirvələrə doğru motivasiya edəcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə cüdonun inkişafına göstərdiyi diqqət və qayğı bu prosesdə həlledici rol oynayır. Dövlət başçısının həm böyüklər, həm də gənclər yaş qruplarındakı cüdoçularımızı yaxından tanıması və onların nəticələrinə dərindən bələd olması liderlik baxımından unikal nümunədir, cüdo ictimaiyyətində məsuliyyət və motivasiya hissini gücləndirir. Prezident İlham Əliyev cüdonu ali prinsiplərə söykənən, cəmiyyət üçün yüksək tərbiyəvi dəyərə malik idman növü hesab edir. Onun fikrincə, cüdo gənclərin sosial və peşəkar inteqrasiyası baxımından real motivasiya mənbəyidir.

Hər il dünya çempionatı minlərlə azarkeşi arenalara cəlb edir, dünyanın dörd bir yanında milyonlarla tamaşaçı yarışları IJF platformalarında və televiziya vasitəsilə canlı izləyir. Bu çempionatlar ilhamverici hekayələrin şahidi olmaq, cüdonun ruhunu və dəyərlərini bayram etmək üçün unikal fürsətdir.

Ev sahibi Azərbaycan üçün bu yarış həm də ölkə daxilində cüdonun təbliği, yeni nəsil idmançıların ilhamlandırılması və qalıcı idman dəyərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda "Bakı-2026 sadəcə bir yarış deyil - cüdonun birlik, dostluq və sülhü təşviq edən gücünün bayramı olacaq" - ifadələrinə yer verilib.

Seçilən
21
90deqiqe.az

1Mənbələr