AZ

Azərbaycanda xırda "ailə partiyaları"... Belələri kütləviləşə bilərmi...


Azərbaycanın çoxpartiyalı siyasi sistemində kiçik partiyalar arasında son illər ərzində bir tendensiya diqqət çəkir. Bir sıra "ailə partiyaları"nda rəhbərliyin atadan övladlara ötürülməsi, yəni varislik və ya sələflik prinsipi populyarlaşır.

Bu hadisə formal olaraq demokratik seçki mexanizmləri ilə əsaslandırılsa da, mahiyyət etibarilə partiyanın ailəvi mülkiyyət və ya şəxsi təsir dairəsinə çevrilməsi kimi qəbul olunur.

Bu meyl təkcə fərdi hadisə deyil, o ölkənin siyasi sisteminin struktur problemlərini, lider mərkəzli təşkilatlanma, ideoloji zəiflik və institusional boşluqları da açıq göstərir.

Azərbaycan siyasi səhnəsində bu fenomenin bir neçə bariz nümunəsi mövcuddur.

Məsələn, Ana Vətən Partiyasının son qurultayında baş verən hadisələr - Fəzail Ağamalının sədrliyi qızı Günay Ağamalıya ötürmək istəyi və bunun əksinə oğlu Elçin Ağamalının iddiaları - bu gərginliyin açıq təzahürü oldu. Sonda bəlli oldu ki, Fəzail Ağamalı növbəti qurultaya qədər yenidən sədr postunda qalmalı olub.

Qurultayda fikir ayrılıqları, təşkilati qarşıdurma, hətta fiziki gərginlıyin yaranması göstərdi ki, partiya institutlaşması şəxsiyyətə tabe olduqda, varislik prosesi “seçki” yox, “ailədaxili miras” mübahisəsinə çevrilir.

Bənzər tendensiya Sosial Rifah Partiyasında da müşahidə edildi. Partiyanın sədri Xanhüseyn Kazımlı öz qızı Əsli Kazımovanın sədrliyini təşviq etməklə bu modelin ikinci nümunəsini yaratdı.

Həmçinin Azərbaycan Demokratik Maarifçilik Partiyasının hazırkı sədri Elşən Musayev atası Məmmədhənifə Musayevin siyasi xəttinin davamçısı kimi önə çıxıb. Bu hallar kiçik siyasi partiyalar arasında artıq fərdi qərar yox, ümumi siyasi davranış modelinə çevrilməkdədir.

Ailəvi varislik mexanizmi, əslində, seçkili idarəçiliyin formallığa çevrildiyini göstərir.

Kiçik partiyanın içində ideoloji əsaslar, proqram müzakirələri, seçki mexanizmləri arxa plana keçir, nəticədə partiya demokratik təsisat kimi deyil, liderin sosial və iqtisadi təsir aləti kimi fəaliyyət göstərir. Digər tərəfdən üzvlərin motivasiyası azalır. Çünki rəhbərliyin dəyişməsi seçki ilə yox, ailə çevrəsinin qərarı ilə həll olunur.

Eyni zamanda kiçik partiyalarda kütləviləşmə və gənclərin iştirakı zəifləyir, çünki partiya daxilində yeni ideyalar deyil, şəxsi loyallıq meyarları üstün olur.

Nəticə etibarilə, belə partiyalar parlament və ya seçki prosesində uzunömürlü ola bilmir, çünki onların dayağı sosial baza yox, fərdi əlaqələrdir.

Bu cür varislik prinsipi yalnız Azərbaycana xas deyil.

Siyasi elmdə buna “şəxsləşmiş partiya modeli” (personalist party model) deyilir və o, əsasən postsovet və inkişafda olan ölkələrdə müşahidə olunur.

Məsələn, Cənubi Asiya regionunda yerləşən Banqladeşdə Bəngabandhu Mücibur Rəhmanın siyasi xətti qızı Şeyx Həsinaya, Pakistanda Zülfüqar Büto xətti qızı Benazir Bhutoya keçib.

Bu varisliklər müəyyən mərhələdə siyasi sabitlik gətirsə də, partiya daxilində demokratik mexanizmləri zəiflətdi, uzun müddət davam etdikdə demokratik meyillər belə sıradan çıxarılır.

Mərkəzi Asiya regionunda, Tacikistanda prezident Emomali Rəhmonun ailə üzvləri hökumət və partiya strukturunda əsas yerləri bölüşürlər.

Qazaxıstanda və Türkmənistanda da oxşar hallar qeydə alınıb — bu, partiyaların ideoloji deyil, şəxsə bağlı sistemlər kimi formalaşmasına gətirib çıxarıb.

Avropada, məsələn, İtaliyada, İspaniyada, Britaniyada bəzən ailə üzvləri eyni partiyada fəaliyyət göstərir, lakin bu, seçkili qaydada və institusional rəqabət içində baş verir.

Məsələn, Uinston Çörçillin nəvəsi də parlamentdə deputat olub, lakin o, “varis” kimi yox, partiyadaxili rəqabətin iştirakçısı kimi seçilib. Yəni demokratik ölkələrdə ailə mənsubiyyəti üstünlük gətirmir; partiya sistemi şəffaf mexanizmlərlə işləyir.

Azərbaycan reallığında bu modelin təsirləri bir neçə istiqamətdə hiss olunur: əvvəla etimad itkisi nəticəsində seçici partiyanı ailə müəssisəsi kimi görür, bu da cəmiyyətin partiya işində siyasi iştirakına mənfi təsir göstərir.

Digər tərəfdən, ideoloji boşluq şəraitində rəhbər dəyişikliyi ilə birlikdə partiyanın proqram və strategiyası da dəyişmir, lider dəyişikliyi siyasi qüvvəyə yeni nəfəs verə bilmir. Çünki yeni layihələrdə lider qabiliyyətinə görə deyil, varis olduğuna görə liderliyi ələ ala bilib. Nəticədə yenilənmə əvəzinə partiyada donuqluq yaranır.

Eyni zamanda, sistemli plüralizmin zəifləməsi nəticəsində belə partiyalar demokratik rəqabəti stimullaşdırmaq yerinə, onu əngəlləyir.

Siyasi elmdə - politologiyada bu, “konservativ loyallıq sistemi” adlanır, yəni dəyişiklikdən qorunan, amma eyni zamanda inkişaf etməyən strukturlar.

Nəticə olaraq qeyd edək ki, varislik prinsipi qısamüddətli sabitlik təmin edə bilər, lakin uzunmüddətli siyasi inkişafın əsaslarını zəiflədir. Azərbaycanın çoxpartiyalı sistemində bu cür halların artması partiyaların şəxsi və ailəvi maraqlar üzərində formalaşdığını göstərir.

Əsl demokratik partiya üçün əsas meyar rəhbərliyin şəffaf seçilməsi, ideoloji debatların açıq keçirilməsi və cəmiyyət qarşısında hesabatlılıqdır. Bu prinsiplər formalaşmadıqca, siyasi varislik institusional sabitliyə yox, fəaliyyətsiz “ailəvi simvolizmə” çevrilir.

Bu cür tendensiyaları aradan qaldırmaq üçün gələcəkdə kiçik partiyalarda rəhbərlik rotasiyası və demokratik seçki qaydalarını qanunla tənzimlənmək, siyasi maarifləndirmə proqramlarını gücləndirilmək, ailə və şəxsi loyallıqdan daha çox ideoloji sadiqliyin və təşkilati səmərəliliyin önə çəkilməsi vacibdir.

Belə olduğu halda, Azərbaycan siyasəti şəxslərə deyil, ideyalara əsaslanan çoxpartiyalı sistemə keçid edə bilər.

Dəniz NƏSİRLİ

Seçilən
18
baki-xeber.com

1Mənbələr