AZ

Avroparlamentin Azərbaycana pisliyinə görə Avronest də yandı...


Son illərdə Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri çərçivəsində yaradılmış Avronest Parlament Assambleyasının fəaliyyəti Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.

Bu narazılığın əsas səbəbi Avronestin əsasını təşkil edən Avropa Parlamentinin Azərbaycana münasibətdə qeyri-obyektiv, birtərəfli və qərəzli mövqeyinin sistemli xarakter almasıdır. Qurumun qəbul etdiyi bəzi sənədlər, hesabatlar və bəyanatlar ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə hörmət prinsiplərini pozur. Bu isə Avronestin beynəlxalq hüquq normalarından uzaqlaşaraq siyasi təzyiq alətinə çevrildiyini göstərir.

Xatırladaq ki, Avronest Parlament Assambleyası 2011-ci ildə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində yaradılıb və məqsədi Avropa İttifaqı ilə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna arasında parlament əməkdaşlığını genişləndirmək idi. Qurumun əsas prinsipləri bərabərlik, qarşılıqlı hörmət və suverenliyə riayət üzərində qurulmalı idi. Lakin zaman keçdikcə bu dəyərlər yalnız kağız üzərində qaldı. Avronest, xüsusilə Ermənistanla bağlı məsələlərdə tam qərəzli mövqe sərgiləməyə başladı, Azərbaycanı isə əsassız ittihamlarla hədəfə aldı. Bütün bunların nəticəsidir ki, indi Azərbaycan sözügedən qurumla münasibətlərində məsafə saxlamalı olur. Məhz bu fonda bəlli olub ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək. Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələri dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığı inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən, İrəvanda keçirləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdirilmasi istiqamətində əməli addımlar da atılır”. Bu arada o da bəlli olub ki, Gürcüstan da Avronest Parlament Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib. Gürcüstan Parlamentinin Avropa ilə İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili bununla bağlı Avronest Parlament Assambleyasına məktubla müraciət edib. Müraciətdə deyilir ki, Avronest PA-nın son vaxtlardakı hərəkətləri Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsip və məqsədləri ilə uyğunsuzluğuna görə ciddi narahatlığa səbəb olur. Assambleyanın iştirakçıları tərəfindən bir vaxtlar geniş şəkildə paylaşılan çoxtərəfli dialoq təəssüf ki, keçmişdə qalıb. Qeyd olunur ki, Gürcüstanda faktlar, dəlillər və gürcü xalqının iradəsi əvəzinə, cinayətə görə mühakimə olunmuş öz siyasi tərəfdaşlarına üstünlük verən avropalı parlamentarilərin əməllərinin bir hissəsinə çevrilir. Gürcü cəmiyyəti bu avropalı parlamentarilərin Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyalarına necə qoşulduğunu gördü, bu isə parlament diplomatiyasının hüdudlarından kənara çıxırdı.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Avronest siyasi mübarizə meydanı deyil, əməkdaşlıq və dialoq platforması olmalıdır. Lakin təəssüf ki, bu qurumda bəzi dairələr Ermənistanın təbliğatına xidmət edən sənədlərin qəbuluna çalışır. Qurumun 2023 və 2024-cü illərdə qəbul etdiyi bəzi qətnamələrdə Azərbaycanın haqq mübarizəsi “hücum əməliyyatı” kimi təqdim edilir, Ermənistanın təxribatları isə tamamilə görməzlikdən gəlir. Bu yanaşma Avronestin nüfuzuna və obyektivliyinə ciddi zərbə vurur. Bundan başqa, Avronest Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini nəzərə almadan, daxili məsələlərə müdaxilə edən bəyanatlar verir. Məsələn, 2022-ci ildə qurum bəzi üzvlərinin təşəbbüsü ilə “Qarabağda etnik azlıqların hüquqları” mövzusunda sənəd müzakirəyə çıxarmışdı. Halbuki, həmin vaxt Azərbaycanın suveren ərazisində yaşayan erməni əhalinin hüquqları dövlət tərəfindən tam təmin olunurdu. Bu cür sənədlər əslində, separatizmə dəstək xarakteri daşıyır və Ermənistanın manipulyativ diplomatiyasına xidmət edirdi. Qurumun bəzi hesabatlarında Azərbaycan haqqında yayılan məlumatlar birtərəfli mənbələrə əsaslanır, ölkənin rəsmi mövqeyi isə çox vaxt ya nəzərə alınmır, ya da təhrif olunur. Belə bir vəziyyətdə Avronestin “obyektiv informasiya mübadiləsi platforması” kimi fəaliyyət göstərdiyini iddia etmək mümkün deyil. Azərbaycan Avronest qarşısında dəfələrlə ədalətli və balanslı yanaşma tələb edib. Ölkəmiz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini davam etdirməyə, iqtisadi və siyasi əməkdaşlığa açıqdır. Lakin bu əməkdaşlıq birtərəfli təzyiqlər və qərəz üzərində qurula bilməz. Azərbaycan beynəlxalq münasibətlərdə bərabər hüquqlu tərəf prinsipini müdafiə edir və hər bir dövlətin suverenliyinə hörmətin vacibliyini vurğulayır.

Samirə SƏFƏROVA

Seçilən
25
baki-xeber.com

1Mənbələr