Akif Nağı: “Ora yeni köçməyiblər, vaxtilə gediblər, orda iş qurublar, ev-eşik sahibi olublar, vəsait sərf edib, kapital qoyub iş qurublar”
Ulysmedia.kz “LXR-nın” “Daxili İşlər Nazirliyi”nə istinadən məlumat yayıb ki, ilin əvvəlindən bəri qondarma “Luqansk Xalq Respublikası”nda (LXR) 6500-dən çox əcnəbi miqrant qeydiyyatdan keçib.
Məlumata görə, miqrantların böyük əksəriyyəti Özbəkistan vətəndaşlarıdır və 5500-dən çox özbək qeydiyyatdan keçib. Onlardan1100 nəfərdən çoxu isə Azərbaycan vətəndaşlarıdır.
Məlumata görə, təxminən 1000 nəfər Ukrayna, 650 Tacikistan, 549 Ermənistan, 500 nəfər Qırğızıstan, 200-dən çox isə Qazaxıstan vətəndaşı qeydiyyatdan keçib.
1000-dən çox Azərbaycan vətəndaşı özünü hansı səbəbdən oda atıb? Yazıldığı kimi, Rusiyanın işğal etdiyi ərazilərə, konkret Luqanska 1000 nəfər Azərbaycan vətəndaşı köçüb. Azərbaycanlılar ora niyə belə axın edirlər? Birincisi, atəş altında olan bir yerə 1000 nəfər azərbaycanlının getməsi kiçik məsələ deyil. Yəni 1000 nəfər kiçik rəqəm deyil. İkincisi də, belə vəziyətdə ora getmələri özü də sual doğurur. Üçüncüsü isə, həmin ərazinin özünün gələcəyinin necə olacağı suallar doğurur. Bu halda Azərbaycan vətəndaşları niyə ora gediblər?
“Müharibə başlayandan sonra onlar məcburi şəkildə Ukrayna vətəndaşlığından…”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan vətəndaşlarının və digərlərinin miqrant kimi qeydiyyatdan keçməsi narahatlıq doğuran bir məsələdir. “Bu məsələnin mahiyyətini anlamaq lazımdır. Mahiyyət ondan ibarətdir ki, müharibəyə qədər orda kifayət qədər azərbaycanlı yaşayıb. Soydaşlarımız orda iş qurmuşdular, yaşayıb fəaliyyət göstərirdilər. Orda çoxlu sayda iş adamları vardı ki, aralarında bəzilərini mən də tanıyırdım. Sonra onlar müharibə ilə əlaqədar ağır vəziyyətə düşdülər. Bir hissəsi əmlakını itirdi, əllərində olan dağıldı. Yəni azərbaycanlılar ora yeni köçməyiblər, vaxtilə gediblər, orda iş qurublar, ev-eşik sahibi olublar, vəsait sərf edib, kapital qoyub iş qurublar. İndi də çıxılmaz vəziyyətə düşdükləri üçün məcburiyyətdən bu addımı atıblar. Təbii, baş verənlərdən də çox narahatdırlar. Onların özləri və ailələri üçün təhlükə var. Azərbaycanlılar müharibədən əvvəl ora kapital qoyduqlarına görə çalışırlar ki, hansısa formada orda öz yaşayışlarını təmin etsinlər. Yəqin ki, orda yaşayan xalqlara Luqansk “hökuməti” tərəfindən miqrasiyada yenidən qeydiyyatdan keçməklə bağlı tələb qoyulub. Ona görə də onlar məcburiyyət qarşısında qalaraq onların irəli sürdüyü prosedur qaydalarına əməl ediblər. Bu nə qədər davam edəcək, nəticə necə olacaq? Bunu özləri də bilmirlər. Orda bir qisim insanlar da vardı ki, ticarətlə, bizneslə məşğul olmurdu, öz ixtisaslarına uyğun olaraq müxtəlif sahələrdə çalışırdılar. Onlar vaxtilə Ukraynaya getmişdilər. Azərbaycanlılar arasında Ukrayna vətəndaşlığını qəbul edib orduda, polisdə xidmət edənlər, müxtəlif dövlət qurumlarında işləyənlər vardı. Müharibə başlayandan sonra onlar məcburi şəkildə Ukrayna vətəndaşlığından çıxarılıb, yaşayışları “qanundan kənar” élan olunub və qondarma yeni hakimiyyət öz qanunlarını ortaya qoyub. Ola bilsin ki, bu azərbaycanlıların da bəziləri rəsmi qaydada orda bəzi yerlərdə çalışırlar. Ukrayna vətəndaşlıqlarını “itirdiklərinə” görə miqrant kimi qeydiyyatdan keçirlər ki, müəyyən status alsınlar. Vəziyyət bu şəkildədir. Təbii ki, bu bizdə narahatlıq doğurur”. A.Nağı qeyd etdi ki, Azərbaycan dövlətinin həmin ərazilərlə bağlı rəsmi mövqeyi aydındır. “Azərbaycanın siyasi rəhbərliyi dəfələrlə bildirib ki, Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıyır, bu ərazilər Ukraynanın bir hissəsidir, Rusiyanın orda həyata keçirdiyi əməliyyatlar qanunsuzdur. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir.
Təbii ki, orda insanlar öz yaşam maraqlarından çıxış edir, çıxılmaz vəziyyətdə olduqlarından çətin seçim qarşısında qalıblar. Belə insanları hardasa başa düşmək olar. Bu məsələyə Azərbaycan hökumətinin də, Ukrayna hökumətinin də müəyyən mənada müdaxiləsinə ehtiyac var. Azərbaycanın müdaxiləsi ondan ibarət ola bilər ki, orda yaşayan azərbaycanlıları həmin ərazidən çıxarıb ölkəmizə gətirsin, burda müəyyən güzəşlərlə onlara şərait yaratsın. Xüsusən də onlar azad ərazilərə, Qarabağa və Şərqi Zəngəzura göndərilə bilərlər ki, orda güzəştli şərtlərlə öz işlərini qura bilsinlər. Orda itirdiklərini burda bərpa etmək üçün onlara şərait yaradılsa yaxşı olar. Azərbaycan tərəfin belə bir addım atması məntiqli olardı. Ukrayna isə onları öz işğalda olmayan ərazilərinə, Kiyevə, Qərb zonalarına cəlb edə, orda həmin iş adamlarına güzəştli şərtlərlə şərait yarada bilər. Onların Luqanskda və başqa yerlərdə məruz qaldıqları itkilərinin müəyyən mənada ödənilməsini Ukrayna dövləti həyata keçirə bilərdi ki, o insanlar Ukraynanın başqa bir yerində öz fəaliyyətlərini davam etdirsinlər, bizeslərini qursunlar. Ukrayna dövlətinin həm onlara təzminat ödəməsi, həm də yeni bir yerdə onların yaşamalarını təmin etməsi müsbət hal olardı. Bunlar ortada olmadığı üçün bu insanlar məcburiyyət qarşısında qalıb belə bir addım atıblar. Buna görə də, mən o insanların günühlandırılmasının tərəfdarı deyiləm. Yəni sırf həyat maraqlarını nəzərə alıblar və məsələnin siyasi tərəfini nəzərə almayıblar ki, onların bu addımından kimlərsə manipulyasiya etmək üçün istifadə edəcək. Deyim ki, bunu Rusiya qəsdən həyata keçirir və məqsəd də bundan o qondarma rejimin təbliği üçün istifadə etməkdir. Rusiya da buna getməməlidir. Rusiya öz işğalı ilə bağlı hansısa müsbət görüntü yaratmağa çalışır ki, guya qeyri-millətlər də ordakı “hakimiyyəti” tanıyır”-deyən A.Nağı qeyd etdi ki, bu məsələyə fərdi yanaşılmalıdır. O hesab edir ki, Ukrayna hökuməti o insanları dəvət etməli və başqa ərazilərdə onlara şərait yaratmalıdır, onlar da orda öz həyatlarını, fəaliyyətlərini davam etdirməlidirlər.
İradə SARIYEVA