AZ

Radarı ötən kimi sürət yenə kəllə-çarxa çıxarılır - sürücülərə xəbərdarlıq nəticə vermir....


Aslan Əsədov: “Sürücülər qaydalara riayət etməyərək, həm özlərinin həm də başqalarının həyatını təhlükəyə atır”

Nəqliyyat həyatımızın ayrılmaz hissəsinə çevrilib. Vaxta qənaət etmək baxımından avtomobillərin həyatımızdakı rolu danılmazdır. Lakin hər gün baş verən yol-nəqliyyat hadisələri günümüzün acı reallığına çevrilib. Demək olar ki, hər gün Azərbaycanda avtomobil qəzaları baş verir.

Paytaxtda və bölgələrdə baş verən ağır yol-nəqliyyat hadisələrinin sayı son zamanlar əhəmiyyətli dərəcədə artıb. Qəzaların başvermə səbəbləri sırasında sürət həddinin aşılması xüsusi olaraq qeyd edilir.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir: “Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir”.

Qeyd etdiyimiz kimi, sürücülər trasda radara yaxınlaşan kimi sürəti aşağı salır, radarı keçən kimi yenə sürəti aşır. Nəticədə yol qəza hadisəsi baş verir. Demək olar ki, sükan arxasında əyləşən şəxslərin əksəriyyəri idarə etdiyi minik vasitəsini bu cür idarə edir. DİN bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, bu sahədə hər hansı bir dəyişiklik olmayıb. Məlumdur ki, nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunması risq deməkdir.

Maraqlıdır, radardan sonra sürücünün sürət həddinə əməl etməsi üçün nə etmək olar?

“Sürücülər radar qurğularını keçdikdən sonra sürət həddini artırırlar, bu, sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyidir”

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sürücülər yol hərəkət qaydalarına əməl etmək istəmir: “Hər bir sürücü düşünür ki, sürəti yüksəltməklə məsafəni azaltmış olurlar. Ancaq onlar başa düşmək istəmir ki, sürət məsafəni yox, ömrü azaldır. Sürət artımı üçün doğru zaman, doğru yol yoxdursa, bu hal faciəyə səbəb ola bilər. Həmçinin, sürücü hərəkətin təşkil olunmasında, hərəkət təhlükəsizliyinin artırılmasında birbaşa rol oynayır. Sürət, ara məsafəsinin düzgün seçilməməsi, dayanmış maneəyə çırpılma və s. qayda pozuntuları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Sürücülər radar qurğularını keçdikdən sonra sürət həddini artırırlar, bu, sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyidir. Bu sahədə kifayət qədər maarifləndirmə işləri aparılsa da, yenə də qəzaların, xüsusilə də insan vurulması ilə nəticələnən qəzaların sayı çoxdur. Sürücülər qaydalara riayət etməyərək həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atır. Bütün bunlara baxmayaraq, maarifləndirmə daha da genişləndirilməlidir. Bu məsələyə məktəb vaxtlarından başlamaq lazımdır. İnsanlar anlamalıdırlar ki, bir anlıq səhv böyük faciələrə səbəb olur”.

Ekspert hesab edir ki, gündəlik təbliğat-təşviqat materiallarının yayılması lazımdır. Hər kəs hərəkət qaydalarını öyrənməli və bunlara əməl etməlidir: “Adi qaydada maşınla getdiyin anda gözləmədiyin halda piyada qaçaraq yolu keçir. Günahkar burada kim ola bilər? Amma təbii ki, burada sürücü məsuliyyətə cəlb olunur. Düzdür, orada ara məsafənin saxlanması və sürət həddinin qorunması kimi məsələlər də var. Qəzaların baş vermə səbəblərindən ən başlıcası məsuliyyətsizlikdir. Hər birimiz yollarda diqqətli, məsuliyyətli olmalıyıq. Maksimum dərəcədə səhhətimizdə narahatlıq baş verdiyi zaman yollara çıxmamalıyıq”.

Günel CƏLİLOVA

Seçilən
20
baki-xeber.com

1Mənbələr