AZ

Azərbaycan üzərindən Ermənistana yük daşımaq istəyən ölkələrin sayı artır...


“Rusiya Dəmir Yolları” və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, Bakı Moskvaya Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib: “Yəni bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. “Rusiya Dəmir Yolları” hazırda regional həmkarları ilə birlikdə bu daşımaların necə təşkil olunacağını müəyyən etmək üçün çalışır. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik”.

Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev rəsmi Bakının öz ərazisi vasitəsilə Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Dövlət başçısı oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib: “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Ermənistanın baş naziri Nikol Paşinyan V Tiflis İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir: “Bu sülh region üçün çox vacibdir”. Paşinyan bu layihənin yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addım olduğunu qeyd edərək onun nəticələrindən biri kimi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən sülh yolunun açılacağını da vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə Ermənistan ərazisi vasitəsilə Azərbaycandan-Azərbaycana (Naxçıvana), həmçinin Azərbaycan-Ermənistan-Türkiyə istiqamətində boru kəmərləri və elektrik təchizatı xətləri inşa ediləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Mirzoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, kommunikasiyaların yaxın vaxtlarda açılması, nəqliyyat infrastrukturunun yaradılması regionun inkişafı üçün yeni perspektivlər vəd edir. İndi ekspertlər qeyd edir ki, son vaxtlarda regionda sülh gündəliyinin irəliləməsi, tranzit xətlərinin açılması və Orta Dəhlizin inkişafı fonunda Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana ixracı həm iqtisadi, həm də strateji baxımdan aktuallaşıb. Xatırladaq ki, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra regionda uzun illər bağlı qalan kommunikasiya xətləri barədə müzakirələr intensivləşdi. Azərbaycan tərəfi bu məsələdə prinsipial olaraq regional əməkdaşlığın tərəfdarıdır. Hazırda Rusiya yüklərinin Ermənistana əsas tədarük marşrutu Gürcüstan üzərindən – Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin bu yol iqlim və infrastruktur baxımından çox zaman çətinlik yaradır. Qış aylarında dağ keçidləri bağlandığı üçün tədarük gecikir, nəqliyyat xərcləri artır. Alternativ olaraq Azərbaycan üzərindən keçən marşrut həm daha sabit, həm də iqtisadi cəhətdən sərfəli variant hesab olunur.

Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana daşınması bir neçə mühüm logistik üstünlük təmin edə bilər. bura ilk növbədə məsafə və vaxt üstünlüyü daxildir. Belə ki, Rusiya–Azərbaycan–Ermənistan marşrutu Yuxarı Lars yoluna nisbətən daha qısa və təhlükəsizdir. Dəmir yolu əlaqələri artıq mövcuddur və müəyyən bərpa işlərindən sonra tam işlək vəziyyətə gətirilə bilər. İlboyu fasiləsiz daşınma imkanı da yaranır. Azərbaycan ərazisində iqlim şəraiti və nəqliyyat infrastrukturu tranzit üçün daha əlverişlidir. Enerji və sənaye yükləri üçün yeni xətt yaranır. Rusiya qazı, neft məhsulları, tikinti materialları və kənd təsərrüfatı malları bu marşrutla Ermənistana ixrac edilə bilər. Bu layihənin reallaşması regionda iqtisadi əlaqələrin şaxələndirilməsinə, ticarət dövriyyəsinin artmasına və Azərbaycanın tranzit potensialının daha da möhkəmlənməsinə xidmət edəcək. Ermənistan iqtisadiyyatının xarici bazarlara çıxışı məhdud olduğu üçün Rusiya ilə ticarət əlaqələri onun iqtisadi həyatında mühüm yer tutur. Hazırda Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan üzərindən tranzit xəttinin açılması Ermənistana ucuz və davamlı tədarük imkanı verəcək, daşınma xərclərini azaldacaq, Gürcüstan yoluna alternativ yaranacaq, sənaye və ərzaq məhsullarının idxalında dayanıqlığı artıracaq. Bu, həmçinin Ermənistan iqtisadiyyatını regionun ümumi logistik sisteminə inteqrasiya edə bilər. Rusiya üçün də bu marşrut mühüm strateji üstünlük yaradır. Bir tərəfdən, Yuxarı Lars keçid məntəqəsinə alternativ yol kimi sabit tədarük xətti təmin edilir; digər tərəfdən isə Rusiya Cənubi Qafqazda öz iqtisadi mövqelərini möhkəmləndirə bilər. Bundan əlavə, Azərbaycan vasitəsilə Ermənistana ixrac marşrutu Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi ilə birləşmə potensialına malikdir. Bu, Rusiyanın Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxışını da asanlaşdıra bilər. Rusiya yüklərinin Azərbaycan üzərindən Ermənistana ixracı həm iqtisadi, həm logistika, həm də siyasi baxımdan real və perspektivli layihədir. Bu marşrut region ölkələrinin qarşılıqlı asılılığını artıraraq sülh prosesinə dəstək verə bilər. Azərbaycan üçün bu, tranzit imkanlarını genişləndirmək və regional iqtisadi mərkəz kimi rolunu möhkəmləndirmək imkanıdır.

Ramil QULİYEV

Seçilən
20
baki-xeber.com

1Mənbələr