Müəllimlərin əksəriyyətinin əməkhaqqının aşağı olduğunu çox eşidirik. Elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı “Biz də istəyirik ki, müəllimlərin əməkhaqqı artsın”-deyib.
O bildirib ki, sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra müəllimlərin əməkhaqqında ciddi artım olub: “Əməkhaqqı artımı ümumtəhsil sistemində dərs saatlarına bağlıdır. Kimin dərs saatı çoxdursa, onun əməkhaqqı daha çoxdur.
Dərs saatlarının bölgüsünə diqqət yetirsək, 24 dərs saatı olan müəllimlərin sayı 30,6 faizdir, 29,4 faizinin dərs saatı 24-dən çoxdur. Onların əməkhaqqı 1300-1500 manat arasında dəyişir”.
Nazir müavini əlavə edib ki, müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata yaxındır.
“Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra əməkhaqqında artımlar olacaq. Növbəti mərhələdə müəllimlərin əməkhaqqının artırılmasının digər həll yollarını düşünürük. Bu barədə təkliflərimizi təqdim edəcəyik", - deyə nazir müavini qeyd edib.
Nazir müavinin bu açıqlaması o qədər də real görsənmədiyindən məsələni araşdırmaq qərarına gəldik.
24 saatdan çox dərsi olan müəllimlər həqiqətən 1300-1500 manat əmək haqqı alır? Yoxsa belə deyil?
Müəllim: “1300-1500 manat əməkhaqqı alan varsa, bu az sayda müəllimi əhatə edir, yəni 24 saatdan yuxarı dərsi olan müəllimlərin hamısına şamil edilmir”
Orta məktəblərdən birində direktor müavini işləyən müəllimlərdən biri “Bakı-Xəbər”ə bildirdi ki, əməkhaqqı fərqlidir, hər sertifikasiyadan keçən və 24 saatdan yuxarı dərsi olan müəllim 1300-1500 manat əməkhaqqı almır. O qeyd etdi ki, sertifikasiyada yüksək bal qazanan müəllimlər var, amma onların əlinə o qədər pul gəlmir. Onun sözlərinə görə, ola bilsin, müəllimə o qədər maaş yazılır, amma vergilərə çox pul tutulduğundan müəllimlər çox az pul alır. “Bəlkə də kağızda elə yazılır, amma vergilərə çox pul çıxıldığı üçün əlimizə 1300-1500 manat pul gəlmir. Dəqiq öyrəndim, müəllimlər belə pul almırlar. Söhbət bizim məktəbdən gedir. Bizdə qaydanı belə qoyublar, sertifikasiyadan keçməyən müəllimin 10 saat dərsi olsa da aşağı maaş alır. 50 baldan aşağı toplayanlar 10 faiz artımla maaş alır. Hətta 50 baldan yuxarı toplayan da 1300-1500 manat əməkhaqqı almır. O da mərhələli şəkildədir. Şəxsən mənim 25 saat dərsim var, amma mən bir o qədər əməkhaqqı almıram. Mənə 25 saatlıq dərsə görə əmək müqaviləsinə 1000 manat maaş yazılıb, amma vergi də çıxandan sonra görək əlimdə nə qalacaq? Hələ maaş almamışıq. Təxminən 100-150 manat vergiyə çıxaracaq.
Bunlar əsasən sertifikasiya balı 50-dən artıq olanları götürüblər ki, onların əməkhaqqına 35 faiz əlavə olunur. Belə müəllimlərin də sayı çox deyil. Test suallarını elə qoyurlar ki, 35 ilin müəllimi yaza bilmir. Adətən 48-49, 50 bal toplayırlar, 50-ni keçə bilmirlər. Sonuncu sualları çox çətin qoyurlar, ondan da müəllimlər keçmir. Bizdə balı 50-ni keçənlər var və onların maaşına 35 faiz artım edilib. 1300-1500 manat əməkhaqqı alan varsa, bu az sayda müəllimi əhatə edir, yəni 24 saatdan yuxarı dərsi olan müəllimlərin hamısına şamil edilmir”-deyə müsahibimiz qeyd etdi.
Müəllimə bildirdi ki, ölkədə ənənəvi olaraq maaşlar 10 faiz artır, amma müəllimlərin maaşı artmır. Müəllimin maaşı o vaxt 10 faiz artır ki, o beş ildən bir keçirilən sertifikasiyada 50-dən aşağı bal toplaya bilir.
Məzahir Məmmədli: “...Dərsi 30-32 saat olanlar var ki, onların maaşı həqiqətən də 1300-1500-ə çatır”
Təhsil eksperti Məzahir Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, sertifikasiyadan keçəndən sonra ibtidai sinif müəllimlərinin maaşı 1000 manatdan yuxarıdır. “24 saat dərsi olan müəllimlərin əməkhaqqına gəlincə, orda əmək stajı hesablanır. Yəni bu müəllim neçə ildir işləyir. Bütün bunlar hamısı əməkhaqqına əlavələr kimi hesablanır. Ona görə də sinif rəhbəri olanlar, dərsi 30-32 saat olanlar var ki, onların maaşı həqiqətən də 1300-1500-ə çatır. Amma stajı az olan ibtidai sinif müəllimləri 1000 manat civarında əməkhaqqı alırlar. 10 ildən artıq stajı olan ibtidai sinif müəllimləri isə 200 manata qədər də əlavə alırlar. Ümumikdə rəqəmlər təxminən uyğundur”-deyə M.Məmmədli bildirdi.
Leyla QARAXANLI