Məlum olduğu kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Məlumata görə, Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, bu ilin doqquz ayında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 4.6 faiz artaraq 3 milyard 659 milyon ABŞ dollarına çatıb. Bunlar fonunda “Sputnik-Azərbaycan” xəbər agentliyinin ev dustaqlığına buraxılan şef-redaktoru Yevgeni Belousov Bakıdan Rusiyaya uçub. Bir qədər əvvəl “Sputnik-Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx da azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb. Öz növbəsində, Yusif Xəlilovun Rusiyada həbsdən azad olunduğunu bildirilir. O, Voronejdəki Azərbaycan diasporunun lideri və şəhərin ən böyük bazarının sahibi kimi tanınır. Xatırladaq ki, 2024-cü ilin sonunda Qroznı üzərində Azərbaycan sərnişin təyyarəsinin vurulması və 38 nəfərin həlak olması ilə Rusiya-Azərbaycan münasibətləri pozulmuşdu. Azərbaycan Rusiyanın günahını etiraf etməsini tələb etdi. Hələ o zaman ekspertlər deyirdilər ki, Rusiya və Azərbaycan arasında o qədər çox əlaqə var ki, tam qarşıdurma mümkün deyil və bir gün Putin Bakıya doğru addım atacaq.Bu baş verdi və indi iki ölkə arasında münasibətlərdə fərqli mərhələ müşahidə edilir. “Cənubi Qafqaz Araşdırmaları Mərkəzi”nin rəhbəri Fərhad Məmmədov bildirir: “Düşünürəm ki, prezident Əliyevin gözləntisi və tələbi o idi ki, məhz Putin özü danışsın, vahid mövqe bildirilsin. Bizim üçün neçə qüllə olduğu maraqlı deyil. Əsas odur ki, Kreml binasındakı o bir kabinetdə oturan şəxs nə düşünür”. Ekspertin sözlərinə görə, dekabrda təyyarə qəzası ilə bağlı hökumətlərarası komissiyanın hesabatı dərc olunacaq. Bu tarix bir növ “son tarix”ə çevrilib və MDB sammiti neytral platforma kimi hər iki lider üçün münasib olub. Cənubi Qafqaz üzrə mütəxəssis Kirill Krivoşeyev bildirib ki, həmin vaxta kimi Azərbaycan liderinin Rusiyaya getməsini gözləməyə dəyməz: “Əliyevin Rusiyaya getməsi... o qədər də gözəl görünməzdi. Diplomatiyada bu, “qonaq getmək”və “təzim etmək” kimi qəbul olunur. Düşünürəm ki, hər iki tərəf bu məsələni dekabra qədər həll etməli idi, çünki hamı bu son tarixi anlayırdı”. Digər rus siyasi şərhçi Vadim Dubnov hesab edir ki, Rusiya uzun müddət etirafdan yayınaraq, daha “yumşaq variantlar” təklif edirdi – əsas günahı Ukrayna pilotsuz uçuş aparatlarının üzərinə atmağa çalışırdı: “İndi, görünür, Moskvada başa düşdülər ki, Azərbaycan geri çəkilə bilməz, çünki onun öz daxili vəziyyəti var və bu vəziyyətdə Əliyevin geri çəkilməsi məğlubiyyət deməkdir. Əliyev isə bu vəziyyətdə uduza bilməz, çünki o, yalnız qələbədən qələbəyə getməlidir”. Vadim Dubnov hesab edir ki, Əliyev Rusiyaya qarşı sərt ritorikası ilə digər keçmiş sovet respublikalarına göstərdi ki, Moskva ilə münasibətlər çox vaxt mifləşdirilib: “Hamı illərlə “böyük qardaş” mifini oynayırdı. Bu mif əsaslı sayılırdı, baxmayaraq ki, artıq çoxdan belə bir “böyük qardaş” yoxdur. Amma bir çoxları üçün bu mifə inanmaq rahat idi. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj] Sarkisyan üçün köhnə rejim dövründə belə bir “böyük qardaş”ın olması əlverişli idi – baş verən və ya baş verməyən hər şeyin məsuliyyətini onun üzərinə atmaq olurdu. Moskva da bu rolu qəbul edirdi". Dubnovun fikrincə, Düşənbədə bu yanaşma ciddi şəkildə dəyişdi, çünki Putin orada artıq “Mərkəzi Asiya” ifadəsini işlətdi – əvvəllər, adətən, “Orta Asiya” deyirdi. Onun sözlərinə görə, Azərbaycan Rusiyanı yeni formata alışmağa məcbur etdi: “Bu formatda Azərbaycan artıq tamamilə fərqli oyunlar oynayır – İsrail və Türkiyəni barışdırır, müxtəlif proseslərdə iştirak edir və öz regionunda liderliyə iddia edir”.
“Karnegi” Fondunun eksperti Başir Kitaçayev bildirib: “Rusiyada isə 2022-ci ildən sonra reputasiya ilə maraqlanmağı dayandırıblar. Məncə, məhz Rusiya tərəfi gözləmə mövqeyi tutmuşdu – Əliyev bu qarşıdurmadan bütün reputasiya dividentlərini alana qədər”. Ekspertlər razılaşırlar ki, Mərkəzi Asiyanın əksər ölkələrindən və Ermənistandan fərqli olaraq, Azərbaycan əvvəldən Rusiyadan daha az asılı olub. Kirill Krivoşeyev qeyd edir ki, Azərbaycanda hələ 1990-cı illərdə desovetizasiya baş verib, amma bu, Moskvada kifayət qədər nəzərə alınmayıb: “Küçələrin və toponimlərin adlarının dəyişdirilməsi hələ Heydər Əliyevin dövründə baş verib və bu, Kremldə Ukraynadakı desovetizasiyadan fərqli olaraq, o qədər də ağrılı qarşılanmayıb. Ən əsas cəsarət ondadır ki, Azərbaycan açıq şəkildə deyir: siz bizdən daha pis vəziyyətdəsiniz və bunu nəzərə almalısınız”. Onun fikrincə, qarşıdurma olan dövrdə Azərbaycanın bütün əziyyətləri, əsasən, itirilmiş gəlirlərlə bağlı olub: “Moskva üçün isə Azərbaycan indi sanksiyalardan yayınma şəraitində sağ qalma ekosisteminin bir hissəsidir”. Fərhad Məmmədov qeyd edir ki, Qarabağ müharibəsinin başa çatmasından və bu yay Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Rusiya həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını itirib: “Biz buna de-fakto sülh deyirik. Bu sülh, üçüncü dövlətlərin Azərbaycan-Ermənistan qarşıdurmasından öz maraqları üçün istifadə etməsi imkanını aradan qaldırır. Yəni, artıq Rusiya ilə Ermənistan arasında baş verən hər şey Azərbaycana qarşı deyil və Rusiya ilə Azərbaycan arasında baş verənlər də Ermənistana qarşı deyil”. Ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərinin arxitekturası təyyarə faciəsindən əvvəl dəyişməyə başlamışdı. Rusiya 2020-ci il müharibəsindən sonra Qarabağa sülhməramlılar yerləşdirməklə bölgədə möhkəmlənməyə çalışdı, lakin Azərbaycan buna imkan vermədi və 2023-cü ildə rus hərbçilərini bölgədən çıxardı: “Məncə, bu məqam Azərbaycan-Rusiya münasibətlərində dönüş nöqtəsi oldu. Bu münasibətlər daha bərabərhüquqlu oldu, çünki Azərbaycanın Türkiyə ilə dərin əlaqələri var”. Rusiyanın Azərbaycan üzərində təzyiq imkanları çox deyil, çünki Azərbaycanın iqtisadiyyatı, əsasən, enerji resurslarının Qərbə satışına əsaslanır. Kənd təsərrüfatı məhsulları Azərbaycanın ixracının cəmi 4 faizdən azını təşkil edir. Bununla belə, Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı razılaşmalar mövcuddur – o cümlədən Rusiyanı İran, Fars körfəzi ölkələri və Hindistanla birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi. Ekspert Natiq Cəfərli qeyd edir: “Ötən ildən münasibətlərdə açıq şəkildə pisləşmə müşahidə olunsa da, iqtisadi əlaqələr kəsilmədi. Şimal-Cənub layihəsi var, Rusiyanın İrana qaz satışı layihəsi var – ilkin mərhələdə bu, ildə təxminən 5 milyard kubmetr olacaq. Yəni həm logistika, həm də enerji münasibətlərin əsas sütunlarındandır”. Vadim Dubnov isə qeyd edir: “Düşünürəm ki, bu sahələr müqəddəs toxunulmazlıq zonasıdır – nə Yekaterinburq, nə də təyyarə bu sahələrə təsir edə bilməz. Qaz sxemləri müharibədən, sülhdən, Yekaterinburqdan və təyyarələrdən daha vacibdir. Əsas odur ki, bu marşrutlar işlək qalsın, bağlanmasın”.
Tahir TAĞIYEV