Samir Hümbətov: “İndiki halda ABŞ İsrailin işğal və ilhaq etdiyi əraziləri açıq şəkildə tanıdığını bildirsə, bu ciddi rezonans doğurar”
ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib ki, İsrail parlamentinin İordan çayının işğal olunmuş Qərb sahilini ilhaq etmək üçün hazırladığı qanun layihəsini dəstəkləmək qərarı Amerikanın Qəzzadakı münaqişəyə son qoymaq planını təhdid edir.
Rubio deyib ki, ilhaq əks-səmərəli olacaq və sülh müqaviləsinə təhdid yaradacaq. Rubio bunları kövrək atəşkəsi gücləndirmək üçün diplomatik səyləri asanlaşdırmaq məqsədilə İsrailə yola düşməzdən əvvəl deyib: "Biz indi bunu dəstəkləyə bilmərik".
Daha əvvəl İsrail Knessetinin ifrat sağçı üzvləri İsrailə Qərb sahilini ilhaq etmək hüququ verən qanun layihəsini ilkin olaraq təsdiqləmişdilər.
İsrail İordan çayının qərb sahilini və Şərqi Qüdsü işğal etdiyi müddətdə təxminən 160 yaşayış məntəqəsi tikib və burada 700.000 yəhudi yaşayır. Yaxınlıqda isə təxminən 3,3 milyon fələstinli yaşayır.
Rubionun səfəri ABŞ vitse-prezidenti J.D. Vensin və prezident Trampın iki xüsusi nümayəndəsinin regiona səfərindən sonra baş tutub. ABŞ administrasiyası tərəfləri Trampın 20 maddəlik sülh planının ikinci mərhələsi üzrə danışıqlara başlamağa təşviq etməyə çalışır.
Atəşkəsin İsrail qoşunlarının qismən geri çəkilməsi və humanitar yardım axınını əhatə edən birinci mərhələsi oktyabrın əvvəlində qüvvəyə minib.
Həm İsrail, həm də HƏMAS bir-birini razılaşmanı pozmaqda ittiham edib, hətta İsrail anklavı bombalayıb, lakin hazırda atəşkəs qüvvədədir.
Rubio deyir ki, biz İsrailin İordan çayının Qərb sahillərinin ilhaqı haqqında qanun layihəsini hələ tanıya bilmərik. Nə vaxtsa tanıyacaqlarına işarə vurur, “amma indi tanıya bilmərik” deyir.
Bu nə dərcədə düzgün yanaşmadı?
“Rubonun açıqlamasının da bu siyasətin tərkib hissəsi olduğunu demək mümkündür”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, İsrail bu vaxta qədər işğal etdiyi əraziləri özbaşına, təkbaşına işğal etdiyini düşünmür: “Təbii ki, ABŞ-ın razılığı və dəstəyi olmadan İsrail bunu təkbaşına edə bilməzdi. Ərəb ölkələri İsrailin bu addımlarına niyə çox müdaxilə etmir, niyə göz yumurlar? Əslində məsələ bizim üçün də, onlar üçün də aydındır ki, İsrailin arxasında dayanan güc məhz ABŞ-dır. Prosesi davam etdirmək üçün bu kifayət qədər ciddi arqumentdir və ciddi əsas sayılır. Fikrimcə, Rubionun da açıqlaması təsadüfi deyil, təbii ki, burda yəhudi lobbisinin də təsir imkanları var. Yəhudi lobbisi Amerikanın mövcud daxili və xarici siyasətinə kifayət qədər müdaxilə etmək iqtidarındadır. Maliyyə və dövlət israəetmə resursları faktiki olaraq onların əlindədir. Ona görə də düşünürəm ki, Rubionun bu açıqlamasını təsadüfi və qeyri-adi hal kimi qarşılamaq olmaz. Rubionu o vəzifəyə gətirənlər, dərin dövlət ki var, onun fikirlərini müəyyən edir. Bu da belə qəbul olunmalıdır. Hesab edirəm ki, İsrailin indiyə qədər tutduğu ərazilər kifayət qədər böyük ərazilərdir. İndiki halda ABŞ İsrailin işğal və ilhaq etdiyi əraziləri açıq şəkildə tanıdığını bildirsə, bu ciddi rezonans doğurar. Artıq məlum olacaq ki, bu proseslərə ABŞ tam dəstək verib. Yəni ABŞ əvvəl bu prosesi bir az qapalı aparırdı, əgər dəstəyini açıq ifadə edərsə, bilinəcəkdi ki, ABŞ buna tam dəstək verib”.
S.Hümbətovun fikrincə, əslində D.Trampın böyük səhvi idi ki, 2016-cı ildə hakimiyyətə gələndə Qüdsü İrsailin paytaxtı kimi tanıyacağını bəyan etmişdi. Ekspert hesab edir ki, bu, Trampın böyük səhvi idi. “Bütün bunların hamısını bir yerə cəmləsək belə bir nəticəyə gəlmək olar ki, ABŞ bu işdə “xeyir-dua” verməsə İsrail o əraziləri nə işğal, nə də ilhaq edə bilər. Faktiki olaraq, ABŞ İsrailə dəstək göstərən birinci ölkə sayılır, bu proses də ona görə davam edir. Rubonun açıqlamasının da bu siyasətin bir tərkib hissəsi olduğunu demək mümkündür”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA