AZ

Ermənistan Laçından Türkiyəyə yol təklif etdi...


“Ermənistan ilk dəfədir ki, Azərbaycanla sülh şəraitində öz büdcəsini müzakirə edir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

“Bir il səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəs nəticəsində hərbçilər arasında itki yoxdur. Mən bir daha vurğulamaq istərdim ki, Ermənistanın tarixində heç vaxt belə bir il səkkiz ay olmayıb”.

O, bərqərar olan sülhün yeni faktları və halları üzə çıxarmasının vacib olduğunu vurğulayıb: “Xüsusən, Azərbaycanın Bakının Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlı açıqlamasını nəzərdə tuturam. Bu, mahiyyət etibarı ilə tarixi hadisədir, Ermənistanın blokadasının götürülməsinin ilk mərhələsidir. Həmçinin Ermənistanın bu bəyanatlara reaksiya verməsi və müvafiq addımlar atması vacibdir. "Bizim buna hazırkı cavabımız belədir: bu gündən etibarən Türkiyədən Azərbaycana, eləcə də əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, biz də tranzit məhdudiyyətlərini qaldırırıq. Biz yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Gorus yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırıq”. Baş nazir tranzit yolunun yalnız Ermənistana məxsus hissəsini qeyd edib, lakin sonuncu nöqtə – Azərbaycanın Laçın rayonu yaxınlığında yerləşən Gorus şəhəri Ermənistanın yenidən Laçın yolundan istifadə etməkdə maraqlı olduğunu göstərir. Şərti Ermənistan-Azərbaycan sərhədindən Laçından keçərək Xankəndiyə qədər uzanan Laçın yolu Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı illərdə istismarda olan yeganə avtomobil yolu olub. Formal olaraq tranzit üçün əlverişlidir, həm də ona görə ki, Azərbaycan tərəfində sərhəd-keçid məntəqəsi yaradılıb. İstər sovet dövründən, istərsə də Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra tərk edilmiş digər yollar gömrük prosedurları üçün lazımi infrastruktura malik olmadığından, Nikol Paşinyan vurğulayıb ki, Ermənistan bu marşrutu yalnız Bakı və Ankaranın xahişi ilə yaxın gələcəkdə işə sala bilər.

Nikol Paşinyan Ermənistan-Azərbaycan kommunikasiyalarının qarşısının alınması ilə bağlı fikirlərini davam etdirərək vurğulayıb ki, Ermənistan öz qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməlidir, çünki ölkə müstəqilliyinin ilk günündən Azərbaycanla münaqişədədir və sülhün nə olduğunu bilmir. Ona görə də Ermənistan hakimiyyəti Bakı ilə İrəvan arasında sülh münasibətlərini sabitləşdirmək və institutlaşdırmaq məqsədi güdür: “Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir. Müstəqilliyə aparan nisbətən qısa bir dövrdə belə, biz əslində münaqişələrlə dolu bir mühitdə yaşadıq. Sülh içində yaşamaq və sülh şərtlərinə uyğun bir qavrayış və düşüncəyə sahib olmaq asan məsələ deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhə qayğı göstərmək ehtiyacı baxımından vacib bir komponentdir. Biz mövcud sülhün daha güclü və daha institusional olması üçün ona qayğı göstərməliyik. Əlbəttə ki, bu məsələ üzərində işləyirik. Azərbaycanla işləməyə davam edirik, diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələr mövcuddur. Biz sülh şərtlərinə uyğun gələn adekvat qavrayış və düşüncə tərzini inkişaf etdirməliyik. Azərbaycanla sülh bizim gündəlik işimizin bir hissəsinə çevrilib”. O, Zəngəzur dəhlizinə də toxunaraq, layihənin Amerika adının TRIPP olduğunu, Ermənistanın bu məsələdə ABŞ-la fəal əməkdaşlıq etdiyini qeyd edib və Ermənistan hakimiyyətinin layihədə gördüyü bir sıra problemli sahələrin tezliklə həllinə söz verib: “Əlbəttə ki, bu layihə bizim və regionumuz üçün yenidir, bir çox nüansı var və bu məsələləri mümkün qədər tez müzakirə edəcək, həll yolları tapacaq, bu proqramı həyata keçirəcəyik”.

Bürün bunlar fonunda bir daha qeyd edək ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr balansı dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə regionun siyasi və iqtisadi xəritəsində əsas oyunçuya çevrildi. Ermənistan isə uzun illər yürüdüyü təcridçi və ekspansionist siyasətin nəticələrini yaşayır. Bu şəraitdə sülhə nail olmaq yalnız Azərbaycanla münasibətlərin normallaşdırılması deyil, həm də Ermənistanın gələcək inkişafı üçün zərurət sayılır. Sülh sazişinin imzalanması Ermənistan üçün regiondakı iqtisadi layihələrə qoşulmaq, sərhədlərin açılması və nəqliyyat əlaqələrinin bərpası baxımından yeni imkanlar yaradar. Müharibə və qeyri-sabitlik Ermənistanın daxili siyasətində dərin parçalanma yaradıb. Müxtəlif siyasi qruplar bir-birinə qarşı ittihamlarla çıxış edir. Azərbaycanla sülh sazişinin imzalanması daxili siyasi gündəliyi dəyişə və islahatlara şərait yarada bilər. Sülh şəraitində Ermənistan hökuməti resurslarını hərbi xərclərdən sosial və iqtisadi inkişafa yönəldə bilər. İnfrastrukturun yenilənməsi, kənd təsərrüfatının dirçəldilməsi və sənayeləşmə proqramları həyata keçirilə bilər. O da faktdırki, Ermənistan iqtisadiyyatı hazırda dərin struktur problemlərlə üz-üzədir. Xarici bazarlara çıxış məhduddur, tranzit infrastruktur yoxdur, enerji asılılığı yüksəkdir və investisiya axını zəifdir. Azərbaycanla sülh imzalandığı təqdirdə bu vəziyyət köklü şəkildə dəyişə bilər. Kommunikasiya və tranzit xətlərinin açılması sayəsində Ermənistan Azərbaycan üzərindən Rusiya və Türkiyə bazarlarına birbaşa çıxış əldə edə bilər. Bu, daşınma xərclərinin azalmasına, ticarət dövriyyəsinin artmasına və iqtisadi dinamikanın yüksəlməsinə səbəb olacaqdır. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat layihələrinə qoşularaq həm gəlir, həm də strateji əhəmiyyət qazanacaqdır. Sülh həm də ölkəyə xarici sərmayələrin cəlb olunmasına imkan yaradacaq, çünki sabitlik investorlar üçün əsas şərtdir.

Nahid SALAYEV

Seçilən
23
baki-xeber.com

1Mənbələr