“Layihə çərçivəsində tərəfdaşlarla birlikdə 5 təqaüd proqramı həyata keçirilməkdədir. 336 nəfər iştirakçı bu layihənin iştirakçısıdır. 3000-dən çox müraciət daxil olub”.Metbuat.az-ın məlumatına görə, bu sözləri “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025” tədbirdə Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri səlahiyyətlərini icra edən İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib. İlqar Bayramlı bildirib ki, hər bir cəmiyyətdə inkişaf qadınların savadlı olmasından çox asılıdır. O, təhsilli qadının müsbət dəyişikliyin memarı olduğunu vurğulayaraq bu layihə başlayandan özəl sektorun da dəstəyini əsirgəmədiyini qeyd edib:“Azərbaycanın təhsil və insan kapitalının inkişafına yönəlmiş layihələr sırasında TİF-in həyata keçirdiyi təqaüd proqramları xüsusi yer tutur. Fondun müxtəlif istiqamətləri əhatə edən təşəbbüsləri gənclərin həm akademik, həm də şəxsi inkişafına mühüm töhfə verir”.TİF rəsmisi fondun həyata keçirdiyi əsas təqaüd proqramları barədə məlumat verib:“Parla” təqaüd və inkişaf proqramı – “NEQSOL Holding” ilə birgə həyata keçirilir, gənc qadınların təhsilinə və karyera inkişafına dəstək məqsədi daşıyır. İştirakçılar təhsil müddəti ərzində 200 AZN məbləğində aylıq təqaüdlə təmin olunur, mentorluq və təlimlər, o cümlədən IELTS imtahanında iştirak imkanı yaradılır.“Zərif mühəndislər” təqaüd proqramı – “Sənaye və Texnologiyalar Parkı” (STP) ilə birgə reallaşdırılır və texniki, mühəndislik sahələrində təhsil alan, maddi imkanları məhdud olan tələbə qızlar üçün nəzərdə tutulub. Layihəyə 573 müraciət daxil olub, onlardan 50 nəfər iştirakçı seçilib.“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı – Texnologiya sahəsində qadınların rolunun gücləndirilməsinə, İKT bilik və bacarıqlarının artırılmasına xidmət edir. Layihə çərçivəsində 482 müraciət qeydə alınıb, onlardan 30 nəfər proqram iştirakçısı kimi seçilib.İlqar Bayramlı sonda qeyd edib ki, TİF-in bu təşəbbüsləri qadınların STEM sahələrində iştirakını artırmaq məqsədinə xidmət edir və gənclərin peşəkar inkişafına mühüm təsir göstərir.Gülbəniz Hüseynli / Metbuat.az