Elşad Həsənov: “Hesab edirəm, bütün bunlar partiyadaxili qarşıdurmanın nəticəsidir”
“Gürcü Arzusu” hökuməti dövründə iki dəfə baş nazir vəzifəsində çalışmış milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ən sadiq və yaxın adamlarından biri hesab edilən İrakli Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin yuyulmasında ittiham olunur.
O, 1 milyon lari (368.000 dollar) girov müqabilində azadlığa buraxılıb. Bundan əlavə, pasportu müsadirə olunacaq və ölkəni tərk etməsinə qadağa qoyulacaq.
Qaribaşvili məhkəmə zalından çıxarkən jurnalistlərin sualına qısa cavab verib. O bildirib ki, heç kimin əleyhinə ifadə verməyib. Qaribaşvili məhkəmə binasını mərkəzi deyil, yan giriş qapısından tərk edib. O, yalnız bir suala - “Kiminsə əleyhinə ifadə verdinizmi” - sualına cavab verib və qısa olaraq “xeyr” deyib.
Maraqlıdır, Gürcüstanda nə baş verir? Bu, hakimiyyətdaxili fikir ayrılıqlarından irəli gələ bilərmi? Axı bir vaxtlar Qaribaşvili hakimiyyətin ən sevimli fiqurlarından biri idi.
“Hazırda Gürcüstanda vəziyyəti gərginləşdirmək istəyən xarici qüvvələr var”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Gürcü Arzusu” daxilində əvvəlki monolitlik yoxdur: “Qaribaşvili təkcə baş nazir postunda olmayıb. O, eyni zamanda daxili işlər və müdafiə naziri olub. Çox böyük postlar tutub və İvanişvilinin ən sevimli adamlarından biri olub. Çox savadlı olmaqla yanaşı, kreativliyi ilə də seçilib. Qaribaşvili 2024-cü ildə istefa verdi və sonra partiyanın sədri oldu. Ancaq bir müddət sonra partiya sədrliyindən istefa verdi. Sonra məlum oldu ki, Qaribaşvili ilə İvanişvili arasında fikir ayrılıqları var. Hətta Gürcüstan müxalifəti belə məlumat yaydı ki, Qaribaşvilini partiyada döyüblər. Bu il oktyabrın 17-də həm Qaribaşvilinin, həm keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Qriqor Liluaşvilinin, həm də keçmiş baş prokuror Otar Patsxalaczenin evində axtarışlar aparılıb. Böyük məbləğdə pul, telefonlar müsadirə edilib. Hər üç məmur Gürcüstan Antikorrupsiya İdarəsində ifadə verib. Digər tərəfdən, keçmiş iqtisadiyyat naziri Romeo Mikautadze və keçmiş müdafiə naziri Pata Burçaladze də korrupsiyada ittiham edilərək həbs edilib. Onların hamısı “Gürcü Arzusu” Partiyasının tərəfdarı olub. Sonra isə bunların arasında yaranan fikir ayrılıqları qarşıdurmaya gətirib çıxarıb. Hesab edirəm, bütün bunlar partiyadaxili qarşıdurmanın nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, Qaribaşvili dönəmində işləyən nazirlərin hamısı işdən azad edilib. Baş nazir Kobaxidze özünə loyal şəxsləri müəyyən postlara gətirib. Bu mənada Gürcüstanda baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir. Ona görə ki, Gürcüstan bizim strateji müttəfiqimizdir və orada hadisələrin mənfi yöndə cərəyan etməsi həm də Azərbaycanın gələcək strateji planlarına uyğun deyil. Bu baxımdan Azərbaycan hər zaman maraqlı olub ki, Gürcüstanda vəziyyət sabit olsun. Çünki Azərbaycanın enerji resursları Gürcüstan üzərindən dünya bazarına çıxarılır. Orada vəziyyətin gərginləşməsi, xaosun yaranması ilk növbədə gürcü hakimiyyətinə sərfəli deyil, həm də Azərbaycanın maraqlarına uyğun deyil. Ancaq görünən odur ki, hazırda Gürcüstanda vəziyyəti gərginləşdirmək istəyən xarici qüvvələr var. O cümlədən Qərb Gürcüstan hakimiyyətini ciddi təhdid edir. Bu ölkəyə qarşı sanksiyaları nəzərdən keçirirlər. Hesab edirəm ki, bunun da Gürcüstan hakimiyyəti daxilində baş verən ziddiyyətlərdə rolu var”.
Vidadi ORDAHALLI