AZ

Münxen əhalisi şəhərin Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsini dəstəkləyib

Berlin, 27 oktyabr, AZƏRTAC

Münxendə keçirilən səsvermə nəticəsində seçicilərin 66 faizi şəhərin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsinin lehinə səs verib.

AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, seçkilərin nəticələrindən məmnunluğunu ifadə edən Bavariya əyalətinin Baş naziri Markus Zöder bu qərarın Münxenin idman şəhəri kimi imicini gücləndirəcəyini bildirib. Münxenin meri Dieter Rayter isə Olimpiya Kəndinin tikintisi nəticəsində bir neçə min yeni mənzilin inşa olunacağını qeyd edib.

Lakin bu təşəbbüsə şübhə ilə yanaşanlar da var. Münxen Texniki Universitetinin ekspertləri qeyd ediblər ki, Olimpiya Oyunlarının təşkili 18-21 milyard avroya başa gələ bilər. Münxendə Olimpiya Oyunlarını planlaşdıranlar isə xərcləri 13,5 milyard avro hesablayıblar. Oksford Universitetinin araşdırmasına görə, 1960-cı illərdən sonra heç bir şəhər Olimpiya büdcəsinə tam əməl edə bilməyib. Hətta “Paris-2024” ilkin hesablamalardan iki dəfə baha başa gəlib.

Bununla belə, Olimpiadanın keçirilməsinin Münxen, Bavariya və ümumilikdə Almaniya üçün imic baxımından ciddi qazanc ola biləcəyi gözlənilir. Yeni Olimpiya Kəndinin minlərlə mənzilin inşasına, eləcə də Oyunların ictimai nəqliyyatın inkişafına təkan verəcəyi və dövlətin şəhərin inkişafı layihələrinə əlavə vəsait ayıracağı nəzərdə tutulur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
30
1
azertag.az

2Mənbələr