Azərbaycan Respublikası Gənclər Fondunun “Rəqəmsal” mövzulu 2024-cü il qrant müsabiqəsinin qalibi olan “İqlim dəyişikliyi və davamlılıq üçün təhsil çatbotu” layihəsi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi iqlim dəyişikliyi və davamlı inkişaf mövzularında ictimaiyyəti, xüsusilə də gəncləri maarifləndirməkdir.
Layihə süni intellekt texnologiyası üzərində qurulmuş təhsil çatbotudur. Çatbot vasitəsilə gənclər, tələbələr və məktəblilər iqlim dəyişikliyi barədə ətraflı məlumat əldə edəcək, davamlı həyat tərzi üçün praktik tövsiyələr alacaq və ekoloji problemlərin həllinə yönəlmiş məsləhətlərlə tanış olacaqlar.
Layihə yalnız rəqəmsal tədris aləti ilə məhdudlaşmır. Layihə çərçivəsində sosial media üzərindən geniş maarifləndirmə kampaniyaları da həyata keçiriləcək. Bununla da iqlim dəyişikliyi mövzusunda ictimaiyyətin diqqətini artırmaq, xüsusilə gənc nəslin ekoloji məsuliyyətini gücləndirmək hədəflənir.
Bundan əlavə, layihənin vebsaytında “Ensiklopediya” bölməsi yaradılıb. Burada istifadəçilər iqlim dəyişikliyi, onun səbəbləri və təsirləri barədə elmi əsaslara söykənən məlumatlarla tanış ola biləcək, müxtəlif ekoloji mövzular üzrə geniş resurslardan faydalana biləcəklər.
Layihə rəhbəri Aysel Səmədova bildirib:
“İqlim dəyişikliyi ilə mübarizə yalnız ekoloqların deyil, hər kəsin məsuliyyətidir. Biz TerraTalk vasitəsilə gənclərə həm bilik, həm də praktiki dəstək təqdim etməklə onların gələcəyin ekoloji liderlərinə çevrilməsinə töhfə vermək istəyirik.”
Layihə komandası ümid edir ki, layihənin fəaliyyəti nəticəsində gənclər iqlim dəyişikliyi ilə bağlı daha dərindən bilik qazanacaq, davamlı inkişaf prinsiplərini gündəlik həyatlarında tətbiq edəcək və ekoloji məsələlərdə daha fəal mövqe tutacaqlar.