AZ

Qurban Qurbanov 365 gündə nəyi dəyişib?

Ötən il oktyabrın 24-də “Qarabağ” Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda “Ayaks”ı qəbul edirdi.

Adlı-sanlı rəqib qarşısında “Qarabağ”ın çətinlik çəkəcəyi şübhə doğurmurdu. Qurban Qurbanovun da etiraf etdiyi kimi, Avropa Liqasının yeni formatına uyğunlaşmağa çətinlik çəkən “köhlən atlar” əsas mərhələdə xalsız qalmışdı. Xal həsrətində olan azarkeşlər “Qarabağ”dan Niderland nəhəngini büdrətməyi, uğursuzluğa son qoymağı tələb edirdilər. İnsafən, qarşılaşma da bizim üçün pis başlamamışdı. Amma 15-ci dəqiqədə yaşanan epizod “Qarabağ”ın onsuz da çətin olan işini bir qədər də çətinləşdirdi, meydandan xalla ayrılmaq şansını azaltdı.

Söhbətin Julio Romaonun qırmızı, Elvin Cəfərquliyevin isə sarı vərəqə almasından getdiyini anladıız. Onsuz da vərəqə almağa “həvəsli olan” Elvin 79-cu sarı vərəqələri “qoşalaşdırdı”, “Qarabağ” görüşü 9 nəfərlə baş vurmalı oldu. Buna qədərsə görüşün taleyi bəlli idi. “Ayaks” say üstünlüyündən də, səviyyə fərqindən də yetərincə yararlanmış, Koxalskinin qoruduğu qapıdan üç top keçirmişdi. Özü də cavabsız. Lap elə Elvin meydandan qovulmasaydı belə, məğlubiyyətdən qaçmaq mümkünsüz görünürdü. Amma Elvinin iki sarı vərəqə alaraq meydandan qovulması yeni müzakirələrə yol açdı, Cəfərquliyevin intizamsız futbolçu olmasıyla bağlı qənaəti möhkəmləndirdi.

Bir il keçib. Yəni 365 gün. Ötən müddət ərzində çox şey dəyişib. İndi “Qarabağ” da, “Ayaks” da Avropa Liqasında yox, Çempionlar Liqasının əsas mərhələsində çıxış edirlər. Bu dəfə tam fərqli əhval-ruhiyyədə. İndi “Qarabağ” “Ayaks”a aşağıdan yuxarı baxmır, tam tərsidi. Azərbaycanın qüruru “Benfika” ilə “Kopenhagen”i məğlub etməklə Çempionlar Liqasında boy göstərməyi bacarıb, 6 xalı hesabına yazıb. “Ayaks” isə keçirdiyi üç görüşün hamısında uduzub, xal xanasında “0” rəqəmi “göz deşir”.

Qarşıda isə “Qarabağ”ı “Ayaks”la oyun gözləyir. Dekabrın 10-da təmsilçimiz yenə də Respublika stadionda “Ayaks”ı qəbul edəcək. Turnir vəziyyəti elə ola bilər ki, bu qarşılaşmada qələbə bizim üçün hava-su kimi vacib olar, 3 xal qazanmaqla yolumuza ilk 24 komanda arasında davam etmək üçün böyük fürsət qazanarıq. Deməli, ötənilki məğlubiyyətin əvəzini çıxmaq üçün əla motivasiya var.
Mən hadisələrin axarını qabaqlayıb, indidən proqnoz vermək istəmirəm. Diqqəti yönəltmək istədiyim məqam ötən bir ildə “Qarabağ”ın nail olduğu nəticələr, Qurban Qurbanovun komandada etdiyi dəyişikliklərdi.

Yayda hamı Qurban bəyi və “Qarabağ” rəhbərliyini yaxşı transferlər etməməkdə qınayırdı. Deyirdilər ki, Juninyo, Benzema, Romao kimi futbolçular getdi, onların yeri boş qaldı. Sən demə, boş qalmayıbmış. Düzgün seleksiya siyasəti effekt verdi, “Qarabağ” ötən mövsümkündən də irəli gedib Çempionlar Liqası arzumuzu gerçəkləşdirdi. Özü də qitənin ən nüfuzlu klub turnirinə fırtına kimi başladı. Bir il bundan əvvəl “intizamsız” dediyimiz Elvin indi “Qarabağ”ın ən yaxşılarındandı, səviyyəsinə görə bir çox legioneri üstələyir. Şükürlər olsun ki, intizam məsələsində də xeyli irəliləyib. Elə “Ayaks”dan 3 qol buraxan Koxalski də etibarlı qapıçıya çevrilib, qurtarışları ilə alqış toplayır, “Qarabağ”ın uğurlarında danılmaz pay sahibidi.

Bütün bu xırda görünən detallar Qurban Qurbanovun “Qarabağ”la bir ildə əldə etdiyi uğurların, müsbət dəyişikliklərin bir parçasıdı. Görünən və görünməyən müsbət məqamların sayı daha çoxdu. Deməli, daha yaxşısına ümid etməyə, “Qarabağ”dan və Qurban Qurbanovdan uğurların davamını gözləməyə dəyər. Yetər ki, səbrli olaq və yola davam edək.

AMAL

Seçilən
19
football-plus.az

1Mənbələr