Azərbaycan Respublikası Gənclər Fondunun “Rəqəmsal” mövzulu 2024-cü il qrant müsabiqəsinin qalibi olan “Süni intellektin tətbiqi ilə bağlı videoməzmun” layihəsi fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi süni intellektin tətbiqləri, onların cəmiyyətə və müxtəlif sahələrə təsiri haqqında maarifləndirici video məzmunlar hazırlamaqdır.
Layihə çərçivəsində hazırlanan videolar geniş auditoriyaya süni intellektin təhsil, səhiyyə, biznes, kənd təsərrüfatı və əyləncə kimi sahələrdə istifadəsini aydın və sadə dillə izah edəcək. Video məzmun sayəsində, süni intellekt haqqında ilkin məlumatı olmayan izləyicilər belə anlayış əldə edə biləcək, daha mürəkkəb mövzulara maraq göstərəcək və texnologiyanın gündəlik həyata təsiri barədə biliklərini artıracaqlar.
Layihə həmçinin, süni intellektin müxtəlif sahələrdəki real nümunələrini işıqlandırmaqla, texnologiyanın imkanları ilə yanaşı, onun gətirdiyi çağırışları da müzakirəyə çıxarmağı planlaşdırır.
Layihə rəhbəri Aytən Salehova bildirib:
“Süni intellekt artıq gələcəyin deyil, bu günün texnologiyasıdır. “Süni intellektin tətbiqi ilə bağlı videoməzmun” layihəsi vasitəsilə biz cəmiyyətdə bu texnologiyanın düzgün anlaşılmasına, gənclərdə maraq və motivasiya yaratmağa çalışırıq. Hədəfimiz süni intellektin faydalarını sadə və əlçatan formada təqdim etməkdir.”
Layihə komandası ümid edir ki, layihənin fəaliyyəti nəticəsində gənclər və geniş ictimaiyyət süni intellekt texnologiyalarına dair daha dolğun təsəvvür qazanacaq, onların müxtəlif sahələrdə tətbiqinə maraqları artacaq və ölkədə rəqəmsal savadlılıq səviyyəsi yüksələcək.