AZ

Paşinyanın “genosid iddiasından” imtinası Zaxarovanı narahat etməyə başladı - qəribəlik...


Əli Orucov: “Bu fitnəkar açıqlama o deməkdir ki, Moskva Azərbaycan-Ermənistan normallaşmasını həzm etmir”

Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Paşinyanın qondarma “erməni soyqırımı” barədə bəyanatından sarsıldığını bildirib. Zaxarova jurnalistlərə açıqlamasında deyib:

“Tarixdə elə anlar olur ki, xalqlar, dövlətlər sadəcə yoxa çıxır, çünki qarşılarına çıxan sınaqlardan keçə bilmirlər. Onlar üçün doğrudan da müqəddəs olan dəyərləri unudurlar. Mənim üçün şok oldu ki, toxunulmaz sayılan tarix və onun üzərində qurulmuş fəlsəfə, yəni ‘erməni soyqırımı’ anlayışı birdən-birə bir çox erməni siyasətçilərinin, o cümlədən dövlət rəsmilərinin şərhlərində sadəcə siyasi amilə çevrilib. Elə bil ki, ondan imtina etmək belə mümkündür, təsəvvür edirsinizmi?”.

Halbuki, Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan bəyan ediblər ki, Osmanlı imperiyasında baş vermiş “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması Ermənistan hakimiyyətinin xarici siyasət prioriteti deyil. Belə olan halda niyə Zaxarava ilin-günün bu vaxtında qondarma “soyqırım”a görə belə narahatdır?

“Zaxarova bununla revanşist müxalifətə, kilsəyə pas ötürür ki, Paşinyana qarşı birləşin”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Zaxarovanın qondarma “soyqırım”ı gündəmə gətirməsi Rusiyanın mənfur niyyətlərindən xəbər verir: “Zaxarova rəsmi statusu olan bir şəxsdir. Onun belə sərsəm fikirlərlə çıxış etməsi Rusiyanın mövqeyini ifadə etmək anlamına gəlir. Bunu hansısa deputat, politoloq desəydi, görməzdən gəlmək olardı. Ancaq Zaxarovanın “erməni soyqırımı”ndan danışması o deməkdir ki, həyasızcasına başqa ölkənin daxili işinə qarışırlar. Bu fitnəkar açıqlama o deməkdir ki, Moskva Azərbaycan-Ermənistan normallaşmasını həzm etmir. İki ölkə arasında problemlərin həlli, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, yolların açılması, Ermənistan-Türkiyə sərhədinin açılması Rusiyanı narahat edir. Aprel ayı deyil deyəsən ki, qondarma “soyqırım”ın ildönümüdür. Zaxarova bununla Ermənistanda revanşist müxalifətə, kilsəyə pas ötürür ki, Paşinyana qarşı birləşin. Nə qədər həyasız olasan ki, belə şeylərdən utanmadan danışasan. Artıq dörd ildir Rusiya bütün dünyanın gözü qarşısında slavyan qardaşları olan ukraynalılara qarşı genosid həyata keçirir. Uşaq, qoca demədən mülki insanları qətlə yetirirlər. Zaxarova isə 100 il əvvəl baş verən hadisələri saxtakarcasına “erməni soyqırımı” kimi təqdim etməyə çalışır. Görünən odur ki, Rusiyanın Ermənistanda təsir imkanları azaldıqca, bu ölkənin rəsmiləri belə cılız vasitələrə əl atırlar”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr