BAKI, 28 oktyabr. TELEQRAF
Rusiya və Vyetnam iki ölkə arasında Çin və Monqolustan ərazisindən keçəcək dəmir yolu marşrutunun yaradılması istiqamətində razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Vyetnamın baş naziri Fam Min Çinlə görüşü zamanı məlumat verib.
Görüş Malayziyada keçirilən ASEAN tədbirləri çərçivəsində baş tutub. Overçukun sözlərinə görə, layihə iki ölkə arasında nəqliyyat əlaqəsini gücləndirəcək və qarşılıqlı ticarətin daha sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradacaq.
Tərəflər hazırda dəmir yolu xəttinin texniki və logistik detalları üzərində işləyirlər. Yeni marşrutun reallaşması Rusiyadan Vyetnama yükdaşımalar üçün alternativ yol açacaq.