ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Şuşa Bəyannaməsindən irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var:
“Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır.
İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidirlər. Bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək? Bakı bu sualın cavabını Ankaradan eşitmək istəyər”.
Politoloq qeyd edib ki, Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər:
“İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində olmasının əleyhinədir, Azərbaycan hərbçilərinə isə yaşıl işıq yandırmağa hazırdır. Bu Türkiyə üçün məqbuldurmu? Bu sual ətrafında da Ankara ilə Bakı arasında müzakirələr aparıla bilər.
Prezident İlham Əliyev beynəlxalq konfransların birində (2014) üzünü Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana tutaraq “Türkiyə burada yoxdur, ona görə belə danışırsız, amma mən burdayam və Sizin cavabınızı verəcəm” şəklində açıqlama vermişdi. İndi Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan hərbçiləri sülhün qorunması və sabitlik üçün əllərindən gələnə edəcəklər.
Ankara Bakı ilə Moskva arasında normallaşmanın nə yerdə olmasıyla da maraqlana bilər. Bir sözlə Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər mövzu var”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.