Azərbaycan bu gün dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu inkişafın əsasında müstəqil daxili və xarici siyasət kursu dayanır. Belə bir strateji kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi, iqtisadi, humanitar yönümlü islahatların həyata keçirilməsi, beynəlxalq münasibətlər sistemində artan nüfuzumuz qlobal məsələlərdə ölkəmizin böyük təsir gücünə malik olduğunu göstərir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bunun, dövlət səfəri mahiyyəti daşıması, Azərbaycan Prezidentini Hava Limanında şəxsən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşılaması və yola salması, ölkə rəhbərimizi hökumət üzvlərindən ibarət böyük bir qrupun müşayiət etməsi hər iki tərəfin bu səfərə nə qədər önəm verdiyini göstərirdi.
Bu səfər Azərbaycan və Qazaxıstan arasında yalnız ikitərəfli əməkdaşlığın növbəti mərhələsi deyil, həm də türk dünyasının iqtisadi, texnoloji və humanitar inteqrasiyası baxımından strateji hadisə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasm-Jomart Tokayev bu dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirdi, Prezident İlham Əliyevin müasir dövrün görkəmli dövlət xadimi olduğunu vurğuladı: "Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir".
Səfərin proqramı da kifayət qədər çoxşaxəli idi - Trans-Xəzər Orta dəhlizi layihəsinin təqdimatından tutmuş Ali Dövlətlərarası Şuranın iclasına, strateji sənədlərin imzalanmasından və Alem.ai Süni İntellekt Mərkəzinə səfərə qədər. Hər bir mərhələ həm regional, həm də qlobal miqyasda ciddi mesajlar vermis oldu.
Orta dəhliz - Avrasiya məkanında yeni ticarət arteriyası
Öncə qeyd edək ki, Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Ölkələrimiz ümumi köklərə, zəngin mənəvi-mədəni irsə və tarixə malikdir, münasibətlərimiz hər zaman olduğu kimi, bu gün də sabit inkişaf edir. Əsas məqsəd xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsidir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur.
Səfərin ilk günü - oktyabrın 21-də Astanada Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı" layihəsinin təqdimatı keçirildi. Bildirildi ki, Orta dəhliz Çindən Avropaya ən qısa, təhlükəsiz və səmərəli marşrut olmaqla Avrasiyanın iqtisadi xəritəsini yenidən formalaşdırır. Bu dəhliz Rusiyadan və İran üzərindən keçən alternativ yollara nisbətən sabit və çevik tranzit xətti kimi önə çıxır. Marşrut Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətində uzanır və Yeni İpək yolunun mərkəzi arteriyası sayılır. Malların Çindən Avropaya dəniz yolu ilə çatdırılması 35-45 gün çəkirsə, Orta dəhlizlə bu müddət 12-15 günə enir.
Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəmir Yolu Vağzalı kimi müasir infrastrukturu bu marşrutun əsas dayaqlarıdır. Layihə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə arasında vahid logistika və gömrük sisteminin formalaşmasına, rəqəmsal gömrük, "yaşıl dəhliz" və "bir pəncərə" prinsiplərinin tətbiqinə şərait yaradır. Ukrayna müharibəsi və Qara dənizdə artan risklər fonunda Orta dəhliz bu gün Avrasiya ticarətinin ən etibarlı xətti kimi dəyərləndirilir. Prezident İlham Əliyev də Orta dəhlizlə bağlı çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın rolu sadəcə tranzit ölkə olmaqla məhdudlaşmır - Bakı artıq bölgənin logistik, enerji və rəqəmsal mərkəzinə çevrilib.
Bu layihə təkcə Çin və Orta Asiya ölkələrini Avropa ilə birləşdirən logistika marşrutu deyil, yeni geoiqtisadi reallığın əsas komponentidir. Orta dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində regionun ticarət həcmini, tranzit imkanlarını və strateji əhəmiyyətini çoxaltmaqla, Avrasiya qitəsində sabit iqtisadi inteqrasiyanın təminatçısına çevrilir.
Təqdimatda da bildirildi ki, Çindən Azərbaycana daşımaların həcmi 2030-cu ilədək üç dəfə artacaq. Bu göstərici Azərbaycanın həm Xəzər regionunda, həm də "Şərq-Qərb" nəqliyyat qovşağında əsas tranzit mərkəzinə çevrildiyini təsdiqləyir. Bu, eyni zamanda Prezident İlham Əliyevin uzun illər ərzində formalaşdırdığı Azərbaycanı regional və qlobal nəqliyyat xəritəsində strateji mövqeyə çatdırmaq siyasətinin praktiki nəticəsidir.
Tarixi qələbəmizdən, Ermənistanla dayanıqlı sülhə doğru əhəmiyyətli addımlardan sonra artıq reallaşmaq üzrə olan Zəngəzur dəhlizi (TRIPP) isə Orta dəhlizi həm tranzit həcmi, həm sürət, həm də etibarlılıq baxımından daha da gücləndirəcək, Avrasiyanın logistik xəritəsində Azərbaycanın strateji rolunu artıracaq və regional inteqrasiyanı dərinləşdirəcək.
Yeri gəlmişkən, elə Qazaxıstan səfəri zamanı Azərbaycan Prezidenti Ermənistanla sülhün institutlaşdırılmasına doğru atılan növbəti addımlardan biri kimi çox mühüm bir bəyanat verərək Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını elan etdi. Qonşu ölkəyə Azərbaycan üzərindən ilk belə yük tranziti isə Qazaxıstan taxılının Ermənistana daşınması olub. "Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - cənab İlham Əliyev qeyd etdi.
Strateji tərəfdaşlıqdan müttəfiqliyə
Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası da dövlət səfərinin siyasi baxımdan son dərəcə vacib məqamlarından oldu. Prezident Kasım-Jomart Tokayev və Prezident İlham Əliyev çıxışlarında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan qardaşlıq münasibətlərini xüsusi vurğuladılar.
Kasım-Jomart Tokayev Azərbaycanı "Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlət" adlandırdı və qeyd etdi ki, iki xalqı birləşdirən bağlar təkcə tarixi deyil, həm də müasir geosiyasi və iqtisadi maraqların kəsişməsində formalaşan strateji birliyə əsaslanır. O, Azərbaycan Prezidentinin "müdrik və uzaqgörən liderliyinin" regionda sülh və sabitliyə töhfə verdiyini xüsusi qeyd etdi. Ümumən Qazaxıstan Prezidentinin Azərbaycanın dövlət başçısına görüş zamanı da, mətbuat konfransında da bir neçə dəfə "görkəmli lider" deyə müraciət etməsi qlobal dünyada İlham Əliyev şəxsiyyətinə olan münasibətin göstəricisi kimi xüsusi diqqət çəkirdi.
Prezident İlham Əliyev isə cavab çıxışında Qazaxıstanın daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək göstərdiyini vurğuladı. Dövlət başçısı bildirdi ki, "bu gün Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayır və regionda yeni inkişaf mərhələsi formalaşır". Dövlətimizin başçısı İlham Əliyevin sözlərinə görə, Zəngəzur dəhlizinin (TRIPP) açılması və Orta dəhlizin inkişafı bütövlükdə Avrasiya məkanında yeni iqtisadi dinamikaya yol açacaq.
Hər iki lider qeyd etdi ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi sırf dövlət iradəsinin deyil, həm də xalqların təbii qardaşlıq bağlarının nəticəsidir. Bu platforma, əslində, türk dünyasının siyasi birliyinin praktik modelinə çevrilir. Türk Dövlətləri Təşkilatının inkişaf edərək qlobal gücə çevrilməsi üçün bütün imkanlarını ortaya qoyan və xüsusilə son illərdə buna ciddi şəkildə nail olan Azərbaycanın təşkilatın fəaliyyətinə paralel şəkildə bu qurumdakı ölkələrlə ayrı-ayrılıqda da ikitərəfli münasibətləri inkişaf etdirməsi son dərəcə əhəmiyyətlidir.
İmzalanan sənədlər - əməkdaşlığın hüquqi dayaqları
Səfər zamanı Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında strateji tərəfdaşlığın çoxşaxəli hüquqi bazasını daha da möhkəmləndirdi.
Tərəflər "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi" münasibətilə Birgə Bəyanat qəbul etdilər və Ali Dövlətlərarası Şuranın iki mühüm qərarını imzaladılar. Bundan əlavə, energetika, sənaye mülkiyyəti, rəqabət siyasəti, səhiyyə, statistika, hüquq-mühafizə, rəqəmsal transformasiya və süni intellekt sahələrini əhatə edən çoxsaylı sənədlər imzalanaraq mübadilə olundu. Xüsusilə "Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" və "Süni intellekt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" gələcək onilliklər üçün əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanla Qazaxıstanın iqtisadi əlaqələri artıq ticarət dövriyyəsinin artması, Birgə İnvestisiya Fondunun fəaliyyətə başlaması və SOCAR ilə "Samruk Kazına" Fondu arasında yeni birgə layihələrin reallaşdırılması ilə yeni mərhələyə qədəm qoyur. Bu sənədlər yalnız ikitərəfli razılaşmalar deyil, həm də regionda türk dövlətlərinin iqtisadi və texnoloji inteqrasiyasının real mexanizmlərini formalaşdırır.
Gələcəyin texnoloji əməkdaşlığı
Səfər proqramı çərçivəsində Prezident İlham Əliyevlə Prezident Kasım-Jomart Tokayev Alem.ai Beynəlxalq Süni İntellekt Mərkəzinə də baş çəkdilər. Bu mərkəz Qazaxıstanda innovasiyaların və süni intellekt texnologiyalarının inkişafı məqsədilə yaradılıb. Burada təkcə elmi-tədqiqat laboratoriyaları deyil, həm də gənc istedadları yetişdirən "Tomorrow School" və startapların dəstəklənməsi üçün xüsusi kampus fəaliyyət göstərir.
Mərkəzin məqsədi hər il yüzlərlə gənci bu sahəyə cəlb etmək, 100 yeni süni intellekt startapının yaranmasını təmin etmək və texnoloji sahibkarlıq ekosistemini gücləndirməkdir. Azərbaycan nümayəndə heyətinin bu mərkəzə səfəri ölkəmizin rəqəmsal transformasiya və süni intellekt texnologiyalarında Qazaxıstanla əməkdaşlığının yeni istiqamətini göstərir. Bu həm də Prezident İlham Əliyevin irəli sürdüyü "ağıllı iqtisadiyyat" və "İnnovasiyalar əsrində rəqəmsal tərəfdaşlıq" strategiyasına tam uyğundur.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq mərhələsində deyil, möhkəm strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi etimad, iqtisadi sinerji, mədəni yaxınlıq və rəqəmsal transformasiya istiqamətində paralel addımlar bu birliyi türk dünyasının geosiyasi sütununa çevirir.
Bu səfər həm də bir daha nümayiş etdirdi ki, Azərbaycan liderinin xarici siyasət fəlsəfəsində əsas prioritetlərdən biri - qitələrarası əməkdaşlıqda türk dövlətlərinin rolunu artırmaq, Xəzərdən Avropaya uzanan sabitlik və inkişaf körpüsü yaratmaqdır. Astana səfəri bu baxımdan təkcə diplomatik hadisə deyil, türk dünyasının gələcək xəritəsinin siyasi-texnoloji konturlarını müəyyən edən strateji dönüş nöqtəsidir.
İradə ƏLİYEVA,
"Azərbaycan"