Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın perspektivləri genişdir
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına etdiyi son dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Dövlət başçılarının bəyanatları münasibətlərin artıq dostluq çərçivəsindən çıxaraq, qardaşlıq səviyyəsinə yüksəldiyini və bunun əsas dayağının iqtisadi-ticarət əlaqələri olduğunu bir daha təsdiqlədi.
Bəyanatlar fonunda Azərbaycan ilə Qazaxıstan arasında son 20 il ərzində formalaşan və inkişaf edən iqtisadi əməkdaşlıq xüsusi vurğulanmalıdır. İki ölkə arasında iqtisadi əlaqələrin əsas istiqamətləri enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye və investisiya sahələridir. Bu dövr ərzində Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunmuş, birgə layihələr və müqavilələr əməkdaşlığın praktik məzmununu daha da gücləndirmişdir. Faktlara müraciət edək. Son 6 ilin rəqəmləri göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət əlaqələri həcminə və məzmununa görə tamamilə yeni mərhələyə qədəm qoyub. 2020-2025-ci illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 3,8 dəfə artaraq iqtisadi əməkdaşlığın miqyasını və perspektivini aydın şəkildə göstərib. Təkcə 2025-ci ilin yanvar-avqust aylarında bu göstərici 547,6 milyon dollara çatıb ki, onun da 481,6 milyon dolları Qazaxıstandan Azərbaycana ixrac olunan malların payına düşüb. 66 milyon dollar isə ixrac məhsullarını əhatə edir. Qazaxıstandan idxalda üç əsas məhsul qrupunun üstünlük təşkil etməsi ayrıca diqqət çəkir. Belə ki, qızıl (yarım emal formada) idxalın 54, buğda 25, xam neft və neft məhsulları isə 8 faizini təşkil edir. Bu rəqəmlər Qazaxıstanın Azərbaycan üçün önəmli bir enerji və xammal mənbəyi olduğunu təsdiqləyir.
Azərbaycanın Qazaxıstana ixrac strukturunda isə tam fərqli bir dinamika müşahidə olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərovanın açıqlamasında bildirilir: "Azərbaycanın Qazaxıstana ixracında son illər sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artır. 2025-ci ilin 8 ayının göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib. Bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir".
Bu gün Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələri sürətlə genişlənməkdədir. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. V.Cəfərovanın fikrincə, bu göstəricilər yalnız rəqəm deyil, iki ölkə sahibkarları arasında artan etimadın və iqtisadi tərəfdaşlığın real ifadəsidir. Sərmayə axınlarına nəzər saldıqda isə əməkdaşlığın daha çox dərinləşdiyini görmək olur. 2005-2025-ci illər ərzində Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon, dost ölkədən Azərbaycana isə 156 milyon dollar həcmində sərmayə qoyulub. Bu rəqəmlər ikitərəfli iqtisadi münasibətlərin qarşılıqlı maraq əsasında qurulduğunu və real kapitalla dəstəkləndiyini sübut edir.
Məhz bu səbəbdəndir ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində iqtisadi əməkdaşlığın şaxələndirilməsi, eləcə də qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi liderlərin gündəliyində xüsusi yer tuturdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin "iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir" fikri iki ölkənin iqtisadi münasibətlərinə verdiyi yüksək önəmi göstərir. Bu həm də tərəflərin qarşılıqlı olaraq ticarətin genişləndirilməsinə, yeni investisiya imkanlarının yaradılmasına ciddi yanaşmalarını əks etdirir. İlham Əliyevin "bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik" bəyanatı isə iqtisadi sahədə əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, həm də sənaye, enerji, nəqliyyat və digər strateji sahələrdə inteqrasiyanın gücləndirilməsinə yönəldiyini göstərir. Bu yanaşma ticarət dövriyyəsindəki davamlı artımın arxasında dayanan siyasi iradənin və strateji düşüncənin təsdiqidir.
Səfər zamanı prezidentlərin iştirakı ilə "Orta dəhlizin inkişafı" - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatı keçirilib. Bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Qazaxıstan limanları ilə daşınmalar ümumi yük dövriyyəsinin təxminən 35 faizini təşkil edir. 2024-cü ildə bu göstərici 2,6 milyon ton olub. 2025-ci ilin 9 ayında isə 2,1 milyon ton həcmində yük daşınıb. Son illər Azərbaycan - Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı nəticəsində Orta dəhliz üzrə yüklərin həcmi rekord templə artıb. Xüsusən konteyner daşımaları təxminən iki dəfə artaraq 40200 TEU səviyyəsinə çatıb. Yük dövriyyəsi isə 2020-ci ildəki 0,8 milyon tondan 2024-cü ildə 4,5 milyon tona yüksəlib. 2025-ci il üçün hədəf 5,2 milyon ton və 70 min TEU olaraq müəyyən edilib.
Tədbirlə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev Zəngəzur dəhlizinə (TRIPP) də toxunub: "Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər". Dövlət başçısının bu fikirləri ona dəlalət edir ki, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması regional inteqrasiyanı bir qədər də dərinləşdirəcək, ticarət və logistika imkanlarını genişləndirəcək. Bu layihənin tamamlanması ilə həm Azərbaycan, həm də Qazaxıstan üçün yeni iqtisadi perspektivlər açılacaq, regional əməkdaşlıq daha da möhkəmlənəcək.
Bütün bu faktlar göstərir ki, son 20 ildə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq təkcə rəqəmlərlə məhdudlaşmayıb. Həm ikitərəfli, həm də regional layihələr çərçivəsində bu əməkdaşlıq daha geniş miqyas alıb. Bu fonda gələcək illərdə ticarət, nəqliyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin daha da dərinləşəcəyi şübhəsizdir. Deməli, iki ölkə arasında strateji tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşıyacağı qaçılmazdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"