AZ

Yanacaqdoldurma məntəqəsində tanışını öldürmək istəyən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Bəxtiyar Alıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, Bəxtiyar Alıyev 28 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində tanışı, zərərçəkmiş Namiq Ömərova (soyadı şərtidir) qarşı törətdiyi cinayət əməli üzrə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair Goranboy Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə keçiriləcək hazırlıq iclasında iştirak etmək üçün məhkəmənin inzibati binasının həyətində gözləyib. Həmin vaxt o, zərərçəkmiş şəxsə onun barəsində şikayətini geri götürməsini tələb edib.


Bu zaman aralarında mübahisə yaranıb, Namiq şikayətini geri götürməyəcəyini bildirərək Bəxtiyara nalayiq ifadələr işlədib.


Bu zaman yaranmış ədavət və qarşılıqlı aqressiya nəticəsində təqsirləndirilən şəxs qisas almaq məqsədilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib O, bu niyyətini həyata keçirmək məqsədilə həmin gün axşam saatlarında Namiq ilə telefon vasitəsilə əlaqə saxlayaraq Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Əli Oil” yanacaq doldurma məntəqəsinin qarşısında görüşmək barədə razılaşıb.


Nəticədə, 28 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Bəxtiyar qeyd olunan yerdə zərərçəkmiş şəxs ilə görüşüb, aralarında yenidən sözlü mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Namiqi qəsdən öldürmək məqsədilə ardıcıl beş dəfə zərbə endirərək ona ağır bədən xəsarətləri yetirib.


Hadisə zamanı zərərçəkmiş şəxs aldığı xəsarətlərə baxmayaraq, “Əli Oil” yanacaqdoldurma məntəqəsinin operator otağına qaçaraq gizlənməyə cəhd edib, lakin təqsirləndirilən şəxs niyyətini başa çatdırmaq məqsədilə onu təqib edib. Sonra həmin məntəqənin operatoru Bəxtiyarın qarşısını kəsərək onun hərəkətlərini dayandırıb, hadisə yerində olan digər şəxslər tərəfindən təcili tibbi yardım çağırılıb. Namiq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vaxtında göstərilmiş ixtisaslaşdırılmış tibbi yardım nəticəsində həyatı xilas edilib.
 

Hadisədən sonra Bəxtiyar Alıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov 

Tarix: 28 Oktyabr 2025, 08:15   
Seçilən
68
pravda.az

1Mənbələr