ABŞ-Çin ticarət sazişində əldə olunan irəliləyiş “təhlükəsiz liman” sayılan qızıla olan tələbi azaltdığından, qızılın qiyməti avqustun ortalarından bəri ilk həftəlik enişini yaşayıb.
Marja xəbər verir ki, 1 unsiya qızılın qiyməti 3,2 faiz azalaraq 3 min 984 dollara qədər geriləyib. Bu, 10 oktyabrdan bəri ən aşağı göstəricidir.
ABŞ prezidenti Donald Trampın Asiya səfəri çərçivəsində apardığı diplomatik danışıqlar zamanı Çin ilə əhatəli bir razılaşmaya yaxınlaşdığına dair siqnallar qızılın dəyər itirməsinə səbəb olub. Belə bir razılaşma, qiymətli metala olan tələbi artıran iqtisadi riskləri və geosiyasi gərginlikləri azalda bilər.
Ötən həftə qızılın unsiya üzrə qiymətini 4380 dollarlıq rekord səviyyənin bir qədər üzərinə qaldıran sürətli bahalaşma, bazarda “həddindən artıq alış” siqnallarının yaranması ilə ucuzlaşma ilə əvəzlənib. Bu ucuzlaşmaya baxmayaraq, qızıl bu il ümumilikdə 50 faizdən çox bahalaşmışdır.
Analitiklər bildirib: “İndi daha əsaslı və məntiqli bir bazar vəziyyətinə qayıdırıq. ABŞ-Çin ticarət danışıqları hamının gözlədiyindən daha müsbət reaksiya doğurub”.
Bu həftə ABŞ Federal Ehtiyat Sistemi (Fed), Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankı faiz qərarlarını elan edəcək. Fed-in faiz dərəcəsini 25 baza bəndi endirəcəyi, AMB və Yaponiya Bankının isə faizləri sabit saxlayacağı proqnozlaşdırılır. Daha aşağı borclanma xərcləri (faizlər), faiz gəliri olmayan qızılın qiymətinə adətən müsbət təsir göstərir.