
NASA 2025 US6 asteroidinin trayektoriyası və digər xüsusiyyətlərinə dair məlumatları öz məlumat bazasından çıxarıb.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilir ki, bu asteroid Moskva və vilayəti üzərində müşahidə olunan parlaq bolidlə (meteorla) əlaqəli ola bilər.
“NASA-nın Yerə yaxın obyektlər bazasından bu gün 2025 US6 asteroidinin trayektoriyası və digər göstəriciləri silinib. Bu məlumatlar səhər saatlarına qədər açıq idi və yalnız Mərkəzi Rusiyada bolidin qeydə alınmasından sonra ictimai bazadan yoxa çıxıb. Hazırda məlumatlar nə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) kataloqunda, nə də Avropa Kosmik Agentliyinin güzgü serverlərində mövcuddur,” – deyə laboratoriyanın məlumatında qeyd olunub.
Mütəxəssislərin sözlərinə görə, təqribən 2 metr ölçüsündə olan bu cisim 28 oktyabrda Yerə təxminən 150 min kilometr məsafədən keçməli idi. “Böyük ehtimalla bu obyekt hazırda Mərkəzi Rusiyada bu gün baş verən hadisələrlə əlaqələndirilə bilər,” – deyə alimlər bildiriblər.
Xatırladaq ki, səhər saat 6:30 radələrində sosial şəbəkələrdə Moskva üzərindən parlaq bolidin keçdiyini əks etdirən çoxsaylı videolar yayılıb. Hadisənin şahidləri və astronomiya kanalları güman ediblər ki, bu parıltıya ya 10–20 sm ölçülü kiçik meteorit, ya da kosmik tullantı fraqmenti səbəb ola bilər.