AZ

Zəfər yaralarımıza məlhəm oldu

Müqəddəs Qarabağ savaşının qələbəylə başa çatmasında bərdəli igidlərin də rolu alqışa layiqdir. Bu şöhrətli diyarın vətən sevdalı oğulları hər iki Qarabağ savaşında qəhərmanlıqlar göstərmiş, vətən torpağı uğrunda sinələrini sipər etmiş, yurd sevgisini başları üzərində bayrağa çevirib əzmlə vuruşmuşlar. 

Neçəsi şəhid olub əbədiyyətə qovuşmuş, neçəsi yaralanıb şərəfli qazi adı qazanmışdır. Amma nə edəsən ki, faşist xislətli, döyüş meydanlarında axıdılan qandan doymayan düşmən cəbhə xəttindən xeyli uzaqlıqda yerləşən Gəncəyə, Tərtərə, Bərdəyə raketlər ataraq mülki əhalini qətlə yetirməkdən çəkinməmişdir.

2020-ci il oktyabrın 27 və 28-i bərdəlilərin yaddaşına həkk olmuş qanlı bir tarixdir. Oktyabrın 27-də Qarayusifli kəndinə, 28-də isə Bərdə şəhərinə Ermənistan silahli qüvvələrinin mövqelərindən raket hücumları oldu. Bu, əsl terror idi.

Döyüş meydanından uzaqda gündəlik həyatını yaşayan dinc və günahsız insanları belə amansızlıqla qətlə yetirmək nə insanlıq qanunlarına sığırdı, nə də müharibə qaydalarına. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri məkrli bir faciəyə imza atdılar. Nəticə yetərincə ağır idi - 27 nəfər həlak oldu, 70 nəfər yaralandı. Həlak olanların 5-i, yaralananların isə 15-i qadın idi. Yaralananlar arasında 3 azyaşlı uşaq da vardı. 

Beynəlxalq aləmin, o cümlədən Qərbin laqeydliyindən "ruhlanan" nankor düşmənlərimiz törətdikləri bu qırğınla beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduqlarının fərqinə varmadılar. Halbuki  onlar Bərdəyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 3M525 qəlpəli böyük dağıdıcı gücə malik ballistik "claster" tipli 2 raket zərbəsi endirmişdi. Bu zərbələr nəticəsində həlak olanlardan və yaralananlardan savayı 30-dan artıq mülki infrastruktur obyekti dağılmış, 20-dən artıq fərdi yaşayış  evinə və 22 nəqliyyat vasitəsinə ziyan dəymişdir.

Bizim isə cavabımız ədalətli oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun hünəri nəticəsində qazandığımız Zəfər bütöv bir xalqın 30 illik ağrı-acılarına birdəfəlik son qoydu. Ermənistan ordusu darmadağın edildi. İlahi ədalətin parlaq təntənəsidir ki, Qarabağ  müharibəsinin bir qrup təşkilatçısı bu gün Bakıda məhkəmə salonunda sorğulanırlar.

Tarixi Zəfərimiz nankor qonşularımızın, namərd düşmənlərimizin zaman-zaman sinəmizə çəkdikləri dağların, torpaqlarımıza vurduqları yaraların məlhəmi idi. Ərazilərimizi 30 il işğalda saxlayıb nahaq qanlar tökən, təkəbbürlə "Qarabağ Ermənistandır. Nöqtə" deyən faşist cəlladlarının bugünkü miskin durumu Bərdə terrorundan zərər çəkənlərin ən böyük təsəllisidir.

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr