Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əbil Muradovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli məhkuma Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv olunub. Əbil Muradovun ittihamdan CM-in 221.3-cü maddəsi xaric edilib. Onun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 11 aya endirilib.
İttihama görə, hadisə 07 iyun 2023-cü il tarixdə saat 00:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, təqsirləndirilən Əbil Muradov "Extra” adlı kluba müştəri düşürərkən bacısının keçmiş əri, zərərçəkmiş Teymur Abdullayevi orada görüb, avtomobili saxlayaraq ona yaxınlaşıb. O, ailəli olduğu dövrdə bacısını döyməsini və övladına maddi və mənəvi dəstək olmamasını, onunla maraqlanmamasını irad bildirib. Mübahisə zamanı Əbil zərərçəkmişə bir neçə bıçaq zərbəsi endirərək ona ağır bədən xəsarətləri yetirib.
Hadisədən sonra Əbil Muradov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov