AZ

Kanada Baş naziri Reqanla bağlı reklamı ABŞ-da yayımlanmadan əvvəl görüb- ÖZƏL

Kanadanın Ontario vilayətinin baş naziri Duq Ford bildirib ki, Baş nazir Mark Karni ABŞ-da qalmaqal yaradaraq ticarət danışıqlarının dayandırılmasına səbəb olan reklamı efirə verilməzdən əvvəl görüb. Olaylar.az xəbər verir ki, "The Globe and Mail" nəşrinin məlumatına görə, Ford qeyd edib ki, "Mark Karni və onun administrasiyasının rəhbəri Mark-Andre Blanşar həmin reklamı efirə getməzdən əvvəl görüblər və biz bu istiqamətdə hərəkət etməyə qərar verdik". O, Baş nazirin reklama münasibəti barədə açıqlama verməsə də, "onun yayımdan xəbərdar olduğunu" əlavə edib.
Qeyd edək ki, sözügedən reklamda ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın azad ticarət prinsiplərini müdafiə edən çıxışından parçalar yer alıb. ABŞ prezidenti Donald Tramp Kanadanın bu reklamı maliyyələşdirdiyini bildirərək, Ottava ilə ticarət danışıqlarını dayandırıb. Trampın sözlərinə görə, reklamda Reyqanın fikirləri təhrif olunaraq ABŞ-a qarşı "yalan təəssürat" yaradılıb. O, bu addımı "Kanadanın məhkəmə yolu ilə üstünlük qazanmaq cəhdi" kimi qiymətləndirib və Kanadadan idxal olunan bir sıra mallara tətbiq edilən gömrük rüsumlarını daha 10 faiz artırmaq barədə göstəriş verib.
Hazırda ABŞ Ali Məhkəməsi Tramp administrasiyası tərəfindən tətbiq edilən bəzi rüsumların qanuniliyini araşdırır. Noyabr ayında bu məsələ ilə bağlı məhkəmə dinləmələrinin başlanacağı gözlənilir.
Xatırladaq ki, Ottava və Vaşinqton avqustun 1-nə qədər ticarət razılaşması əldə edə bilmədikdən sonra Tramp Kanadadan idxal olunan bəzi məhsullara tətbiq olunan tarifləri 25 faizdən 35 faizə qaldırmışdı. Kanadanın polad və alüminium məhsullarına isə 50 faiz rüsum tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr