2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 568,1 milyon ABŞ dolları təşkil edib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən görə, hesabat dövründə Qazaxıstanla ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,61%-ini təşkil edib.
Eyni dövrdə Azərbaycandan Qazaxıstana 70,4 milyon dollar dəyərində məhsul ixrac olunub, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8% azalma deməkdir. Qazaxıstandan Azərbaycana isə 497,7 milyon dollar dəyərində idxal həyata keçirilib ki, bu da 4,6 dəfə artım deməkdir. Beləliklə, Qazaxıstan Azərbaycana idxal üzrə 7-ci ən böyük tərəfdaş ölkə olub.
Hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac olunan məhsulların 70,2 milyon dolları qeyri-neft məhsullarının payına düşüb, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21% azalıb.
Qeyd olunur ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan bütün xarici ölkələrlə ümumilikdə 35,375 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Bunun 18,606 milyard dolları ixrac, 16,769 milyard dolları idxal təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalıb, idxal isə 14,5% artıb. Nəticədə xarici ticarətdə 1,837 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,8 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az