BAKI, 28 oktyabr. TELEQRAF
Moskvada Türkmənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında müasir çağırışlara və təhdidlərə qarşı mübarizə üzrə məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər qlobal və regional təhlükəsizlik riskləri, o cümlədən Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq və yeni təhdidlərə qarşı mübarizəyə xüsusi diqqət yetirilib.
Diplomatlar beynəlxalq təşkilatlar çərçivəsində məhsuldar əməkdaşlığı qeyd ediblər və çoxtərəfli formatlar çərçivəsində gələcək addımları müzakirə ediblər. Həmçinin informasiya təhlükəsizliyinə cavabdeh olan dövlət qurumlarının təcrübə mübadiləsi və potensialının gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər gələcək xarici siyasət koordinasiyası və müntəzəm işgüzar əlaqələrə hazır olduqlarını təsdiqləyiblər.