AZ

Qardaşı tərəfindən öldürülən “Baron Şəmi”nin borcu oğlu tərəfindən ödəniləcək

5 il əvvəl qardaşı tərəfindən qətlə yetirilən Şəmsəddin Kərimovun (“Baron Şəmi”) borcu oğlu Niyaməddin Kərimovun əmlakına yönəldilib.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, ərizəçi, mərhum Ş.Kərimovun bacısı oğlu olan Ramil (soyadı açıqlanmır – red.) müraciət edərək bildirib ki, 25 dekabr 2019-cu ildə Şəmsəddin Kərimov xeyirli bir kommersiya işi olduğunu bildirərək onu Masallıya dəvət edib. Görüşüb söhbət edərkən iri partiya ov silahları və onun sursatlarını Türkiyə və Rusiyadan gətirdəcəyini, yaxşı xeyir götürəcəklərini bildirərək, bunun üçün 120 000 manat pul lazım olduğunu bildirib. O, vəd edib ki, 6 aya həmin pulu qaytarmaqla, üzərində 30 000 manat da xeyir verəcək. O günə qədər aralarında etibar olduğu və Şəmsəddin həmişə verdiyi sözü tutduğu üçün razılaşıb, elə həmin gün axşam pulu Şəmsəddinə verib. Bu zaman o, 1 iyun 2020-ci ildə verdiyi pulu və üstündə 30 000 manat xeyri qaytaracağını bildirib və ayrılıb gedib. Sonradan Şəmsəddinlə görüşləri olub və hər dəfə ona bildirib ki, narahat olmağa dəyməz. 2020-ci ilin fevral ayının 27-də məlum olub ki, Şəmsəddin qardaşı Nurəddin tərəfindən qətlə yetirilib.

O, Masallıya gedərək yas məclisində iştirak edib, mərhumun oğlu Niyaməddinlə görüşüb. Başsağlığı verib və yeri olmasa da deyib ki, atasının ona 120000 manat borcu var. Cavabdeh bildirib ki, hüzrdən sonra görüşüb söhbət edərlər. 15 may 2020-ci ildə 2 nəfər yaxın bildiyi şəxslərlə – “BMW X7” və “BMW X6” ilə Niyaməddinin işlətdiyi ovçular mağazasına gediblər. Niyaməddin söhbət zamanı bildirib ki, atası Şəmsəddinin ona 120 min manat borcu olduğunu bilir. Lakin atasının qətlə yetirilməsi səbəbindən hazırda həmin pulu qaytarmaq imkanı yoxdur. Söz verib ki, 01 sentyabr 2021-ci il tarixə kimi həmin məbləği tam olaraq qaytaracaq.

Həmin vaxt bu razılaşma barəsində bir akt da yazıb imzalayıb, razılaşaraq ayrılıblar.

01 sentyabr 2021-ci il tarix çatsa da, Niyaməddin imkansızlığı bəhanə gətirərək pulu qaytarmayıb. Bir neçə dəfə bununla əlaqədar aralarında narazılıqları olub. Nəhayət, 21 iyun 2025-ci ildə Niyaməddinin mağazasına gedib pulu istəyərkən, onu öldürəcəyi ilə hədələyib, təhqir edib və həyətdən qovub. Ərizəçi naəlac qaldığından ərizə ilə Rayon Polis İdarəsinə müraciət edib. 10 iyul 2025-ci il tarixdə ərizəsi üzrə cinayət işi başlanması rədd edilib və ona məhkəməyə pul tələbi haqqında iddia verməsi izah edilib.

Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirib ki, iddianı qismən qəbul edir. Belə ki, o, borcundan 20 000 manatı iddiaçıya ödəyib, qalan pulu isə ödəyəcək.

Məhkəmənin qərarı ilə cavabdehdən 100 000 manat məbləğində borc iddiaçının xeyrinə tutulub.

Həmin məbləğin ödənilməsi üçün Niyaməddinin istifadəsində olan ovçuluq ləvazimatları mağazasının hərraca çıxarılmasına qərar verilib.

Seçilən
2
12
konkret.az

10Mənbələr