Şəhriyar adına Mədəniyyət Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər qoxulu 5 il” adlı tamaşa təqdim olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov, şəhid ailə üzvləri, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
25 ASAN könüllüsünün iştirakı ilə hazırlanan səhnə əsəri vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək və tarixi Zəfərin əhəmiyyətini gələcək nəsillərə sənət dili ilə çatdırmaq məqsədi daşıyıb.
600-ə yaxın tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif edilib və xatirə şəkli çəkdirilib.
Bu günədək “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 100-dən çox səhnə əsəri nümayiş olunub, 650-dən artıq ustad dərsi keçirilib. Proqram gənclərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.









