AZ

COVİD-19 peyvəndi infarkta səbəb olur? - xəbərdarlıq

Qəfil ölümlərin artması ilə bağlı yeni iddialar səslənir - iki rəy

Məlum olur ki, COVİD-19 peyvəndləri əvvəllər düşünüləndən daha az insanın həyatını xilas edib. ABŞ və İtaliyadan olan beynəlxalq araşdırmaçılar qrupu qlobal COVİD-19 peyvəndinin effektivliyi ilə bağlı əvvəlki qiymətləndirmələri şübhə altına alan böyük bir təhlilin nəticələrini dərc edib. Onlar peyvəndlərin pandemiya dövründə təxminən 2,5 milyon insanın həyatını xilas etdiyini təxmin edirlər ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əvvəllər bildirdiyi rəqəmlərdən bir neçə dəfə aşağıdır (Lent.az).

Stenford Universitetinin araşdırmaçıları yalnız ölüm hallarını deyil, həm də infeksiya nisbətlərini, yaş amillərini və peyvənddən sonra immunitetin azalmasını nəzərə alan inkişaf etmiş riyazi modeldən istifadə ediblər. Müqayisə üçün: 2022-ci ildə ÜST təxminən 14,4 milyon insanın həyatının xilas edildiyini iddia edib, bəzi təxminlərə görə isə bu rəqəm 20 milyona çatıb. Lakin yeni bir araşdırma göstərir ki, qarşısı alınan ölümlərin təxminən 90 faizi 60 yaşdan yuxarı insanlar arasında olub, gənc yaş qrupları üçün isə təsiri minimal olub. Layihənin rəhbəri professor Con İoannidis qeyd edib ki, nəticələr gələcək kütləvi immunizasiya proqramları üçün bir dərs olmalıdır. O, peyvəndləməyə universal yanaşmanın, xüsusən də aşağı riskli qrupları hədəf aldıqda həmişə özünü doğrultmadığını vurğulayıb.

Peyvəndləmə yaşlılara, xüsusən də xroniki xəstəlikləri olanlara ən böyük təsir göstərib. 30 yaşdan aşağı arasında ümumi həyat qurtaran statistikaya töhfə bir faizin onda birindən az olub. Araşdırmanın müəllifləri vurğulayırlar ki, onların məqsədi peyvəndin nüfuzdan salınması deyil, onun effektivliyini dəqiq qiymətləndirmək və gələcək pandemiyalar zamanı əhalini qorumaq üçün daha hədəflənmiş strategiyalar hazırlamaqdır.

Bəs peyvəndlər hansı halda daha effektli təsir göstərir? Onların hazırlanmasında əsas şərtlər nədir?

Almaniyada yaşayan yazıçı-bloger Yusif Hansen öz sosial media hesabında yazır ki, Almaniyada minlərlə insan COVİD peyvəndindən sonra sağlamlığını itirib. Cəmi 600-ə yaxın insan bunu sübut edə bilib, digər minlərlə iş isə hələ məhkəmələrdədir: “Bu qurbanlardan, sağlamlığını bərpaedilməz dərəcədə itirənlərdən biri də mənəm. Autizm bəlası gətirdi mənə. Mən də digər insanlar kimi düşünürdüm ki, autizm uşaqlıqdan bilinən bir xəstəlikdir, sonra gördüm ki, elə deyil. Autizmli uşaqlar məktəbi belə oxuya bilmir, mən isə həyatımda bu sahədə kifayət qədər uğur qazanmış biriyəm. Sonra öyrəndim ki, 20-30 yaşlarında da bu xəstəliyə tutulanlar olur”. 

Azərbaycanda da pandemiyadan sonra bir sıra xəstəliklər baş qaldırdı. İnsanlar əsasən yaddaş pozğunluğundan şikayət edirlər. Xərçəng xəstəliyi çoxaldı, ən əsas da qəfil ölümlərin - infarktdan, insultdan ölümlərin sayı artdı. Bu xüsusda COVİD-19 vaksinasiyasından sonra ürək-damar problemlərinin artması ilə bağlı iddialar səsləndirildi. 

Adil

Adil Qeybulla

Həkim-cərrah, professor Adil Qeybullaya görə, ürək və damar xəstəliklərinin gəncləşməsi COVİD-19-dan daha çox hərəkətsizlik, qidalanma vərdişlərinin pozulması və sağlamlığa zərərli vərdişlərlə bağlıdır. O əlavə edib ki, COVİD peyvəndi ilə əlaqəli iradlar və iddialar tibbi araşdırmalarla təsdiqlənməyib: “Aparılan ciddi tədqiqatlar göstərir ki, iddia edilən təsirlər reallıqda özünü göstərmir. Ürək-damar problemlərinə yol açan əsas amillər arasında siqaret, qəlyan, elektron siqaret, spirtli içkilər və energetik içkilər yer alır. Bu vərdişlər xüsusilə qızlar arasında sürətlə yayılır. Energetik içkilərdəki kofein və taurin maddələri isə ürək əzələsini yükləyir. Bundan başqa, çox yağlı qidalar və gündəlik kalorinin sərf olunmaması, nəticədə isə artıq çəki ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Gənclərin üzləşdiyi güclü xroniki stress də bu problemin yaranmasına səbəb olur. Bütün bu faktorlar birləşərək gənclərin sağlamlığına ciddi zərər verir və nəticələr açıq şəkildə görünür”.

SOCAR

Asif Şəfəqqətov

Siyasi şərhçi Asif Şəfəqqətov mövzu ilə bağlı narahatlığını ifadə edib: “99 milyon nəfəri əhatə edən elmi araşdırma nəticəsində məlum olub ki, COVİD-19-a qarşı peyvəndləmədən sonra bir çox xəstəliklərin baş vermə riski dəfələrlə artır. Ən böyük elmi araşdırma COVİD-19-a qarşı mRNT peyvəndi (Pfizer/BioNTech BNT162b2, Moderna mRNA-1273, Oxford/Astra Zeneca/Serum Institute of India ChAdOx1) vurulduqdan sonra yaranan nevroloji, hemotoloji və ürək-damar üzrə yan təsirlər müqayisə edilib: miokarditin yaranma riski 610% artır, kəskin səpələnmiş ensefalomielitin yaranma riski 378% artır, sinus-trombozun yaranma riski 323% artır, Giyen-Barre sindromunun riski 249% artır. Xatırladıram ki, "Astra-Zeneca" peyvəndinin tətbiqi 2024-cü ilin aprel ayında qadağan edildi. Milyardlarla insan kütləvi şəkildə aldadılaraq peyvəndləndi, aldanmayanları isə məcburi şəkildə peyvəndlədilər. Bu, qlobal cinayətdir - tarix bu boyda cinayət görməmişdi. Lakin buna görə heç kim məsuliyyətə cəlb olunmayıb və olunmayacaq da.  Bundan sonra KİV-ə, “alimlərə”, “həkimlərə” kor-koranə niyə inanmalıyıq?"

Çexiyadan olan yeni bir araşdırma da narahatedici meyli üzə çıxarıb. COVİD-19-a qarşı peyvənd olunmuş qadınlarda 2022-ci ildə uğurlu hamiləlik halları peyvənd olunmamış qadınlarla müqayisədə 33% az olub. Təhlil 18-39 yaş arası 1,3 milyon qadını əhatə edib. Peyvənd olunanların əksəriyyəti Pfizer və ya Moderna preparatlarını qəbul edib - məhz bu mRNT əsaslı peyvəndlər şübhə doğurur. mRNT peyvəndi qəbul edən qadınlarda uğurlu hamiləliklərin sayı ayda hər 1000 qadına 4 hal olub, peyvənd olunmamışlarda isə bu göstərici hər 1000 qadına 6 hal təşkil edib. Bu, Pfizer və Moderna-nın tək yan təsiri deyil - daha əvvəl bu preparatların ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə də məlumatlar yayılmışdı. Alimlər kütləvi ölüm hallarına dair xəbərdarlıq etmişdilər. Bu arada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen peyvənd alışı müqavilələrindən qazanc götürməkdə ittiham olunur, COVİD peyvəndləri səbəbindən həlak olanların ailələri də onun əleyhinə məhkəmə iddiası qaldırıblar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
41
1
musavat.com

2Mənbələr