AZ

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı Statistik bülletenin Sentyabr sayını dərc edib.

Marja.az xəbər verir ki, bülletendə bildirilir:

Bank sektoru 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,138 mln. manat, cəmi öhdəlikləri 48,967.8 mln. manat, balans kapitalı 7,170.2 mln. manat olmuşdur. Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artmışdır.

Hesabat ayında bankların kredit portfeli 2% və ya 571.4 mln. manat artaraq 29,276.3 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.1% (15,544.6 mln. manat); ıı) istehlak kreditləri – 31.4% (9,183.5 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,548.2 mln. manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 36,587.8 mln. manat. Depozit portfelinin 58%-i (21,210.8 mln. manat) hüquqi şəxslərin, 42%-i (15,377 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67.7%-i (10,404.8 mln. manat) milli valyutada, 32.3%-i (4,972.2 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.2%-i (9,720.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 1.7% və ya 159.5 mln. manat, tələbli əmanətləri isə 2.4% və ya 131.4 mln. manat artmışdır. • 2025-ci ilin sentyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2% (3,506 əmanətçi), ilin əvvəlindən isə 20.4% (30,638 əmanətçi) artmışdır. 

Hüquqi şəxslərin tələbli depozitləri 15,983.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.4%-ni təşkil etmişdir. 

2025-ci ilin yanvar - sentyabr aylarında banklar 910.7 mln. manat xalis mənfəət, 1,373.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 214.5 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

30 sentyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,410 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 137 nəfər artaraq 26,872 nəfər təşkil etmişdir. 

Monetar sektor

Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1.5% artaraq 37,188.1 mln. manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 mln. manat artaraq 2,926.1 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artmışdır. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,086 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.8%, POS-terminalların sayı 56.5% artmışdır.

Seçilən
0
4
marja.az

5Mənbələr