
Skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin skuter istifadəçilərinə müraciətində deyilir.
“Skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:
* bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
* piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
* işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
* gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
* azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.
Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.