Dietoloq Nadejda Litvinova-Qrazion oyandıqdan dərhal sonra çay içməyin nə dərəcədə doğru olduğunu və bunun üçün ən münasib vaxtı açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə məlumat xarici mediada yer alıb.
Mütəxəssisin sözlərinə görə, yuxudan oyandıqdan dərhal sonra çay içmək olar, lakin onun faydasını artırmaq üçün bir neçə vacib nüans nəzərə alınmalıdır.
“Səhər çayı üçün ən yaxşı vaxt oyandıqdan 15–20 dəqiqə sonradır. Bu müddət ərzində orqanizmdə həzm prosesi aktivləşməyə başlayır. Gecə ərzində itirilən mayeni bərpa etmək üçün əvvəlcə bir stəkan ilıq su içmək məsləhətdir”, – deyə həkim bildirib.
Litvinova-Qrazion qeyd edib ki, müxtəlif çay növlərinin təsiri fərqlidir: yaşıl çay daha yumşaq canlandırıcı təsir göstərir, qara çay isə daha çox enerji verir. Bitki çayları həzm sistemi və immunitet üçün daha faydalıdır.
Ekspert xəbərdarlıq edib ki, çaya şəkər və süd əlavə etmək məsləhət görülmür, çünki bu, mədə narahatlığı və ürəkbulanma yarada bilər. O, həmçinin bildirib ki, çox güclü dəmlənmiş çay mədə qıcığı, qəbizlik və ürək yanmasına səbəb ola bilər, buna görə qastrit və yüksək turşuluğu olan şəxslər xüsusilə diqqətli olmalıdırlar.
//Gülnarə Abasova, Editor.az