Türkiyənin Balıkəsir vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ İstanbul, İzmir, Bursa, Aydın, Əskişəhər və ətraf vilayətlərdə də hiss olunub.
NOCOMMENT.az Türkiyənin “Sözçü” qəzetinə istinadən xəbər verir ki, bu barədə
Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyi (AFAD) məlumat yayıb.
AFAD-dan verilən açıqlamaya görə, Balıkəsirin Sındırgı rayonunda baş vermiş zəlzələnin maqnitudası 6,1, dərinliyi isə 5,99 kilometr olub.
6,1 bal gücündə zəlzələdən sonra 4 baldan yuxarı olan dörd və 4 baldan aşağı olan 54 afterşoklar baş verib. Ən böyük afterşoklar 4,2 və 4,0 bal gücündə olub.
Balıkesir Yanqınsöndürmə Xidmətinin ilkin məlumatında bildirilib ki, şəhərdə 3 boş bina dağılıb.
Dağıdıcı zəlzələdən sonra Sındırğı bələdiyyə sədri Sərkan Sak qeyd edib ki, indiyədək insan itkisi qeydə alınmayıb, yalnız 5 bina dağılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əvvəlki zəlzələdə zərər görən 3 evin və iki mərtəbəli bir mağazanın dağıldığını söyləyib. Nazirin sözlərinə görə, dağıntılar altından heç kim tapılmayıb və indiyədək heç bir itki yoxdur.
Səhiyyə naziri Kamal Memişoğlu da insan itkisinin olmadığını təsdiqləyib, amma bildirib ki, zəlzələ vaxtı tullanmaq və yıxılmaq səbəbindən 19 nəfər xəsarət alıb:
“19 yaralımızın 4-ü müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Yaralılarımızın hamısının ümumi sağlamlıqları yaxşıdır və xəstəxanalarımızda müalicələri davam edir. Onlara tezliklə sağalmalarını arzulayıram”.

Xatirə SADİQ