“Real”ın hücumçusu Vinisius İspaniya çempionatının 10-cu turunda “Barselona” ilə keçirilən oyundakı (2:1) davranışı barədə danışıb.
Publika.az xəbər verir ki, Madrid klubunun televiziyasına açıqlama verən braziliyalı futbolçu gərgin keçən oyun haqda bunları deyib:
“Bu, "El-Klasiko"dur. Meydanda və ondan kənarda çox şey baş verir. Biz balansı qorumağa çalışırıq, amma bu, hər zaman mümkün olmur. Heç kimi - nə ‘Barselona’ oyunçularını, nə də azarkeşləri incitmək istəmirdik. Bilirik ki, meydana çıxanda komandamızı müdafiə etməliyik və matç günü də məhz belə etdik”.
Qeyd edək ki, 25 yaşlı braziliyalı 72-ci dəqiqədə əvəzlənməsindən narazı qalıb, baş məşqçiyə əl verməyərək birbaşa paltardəyişmə otağına yollanmışdı. Daha sonra ehtiyat oyunçular skamyasına qayıdan futbolçu kütləvi qarşıdurmada da iştirak edib və sarı vərəqə alıb.