Türkiyə və Böyük Britaniya arasında 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü üçün 10.7 milyard ABŞ doları dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş Naziri Kir Starmerlə keçirilən birgə mətbuat konfransında açıqlayıb.
Türkiyə Prezidentinin sözlərinə görə, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq razılaşmaları heyətlərarası görüşlərdə imzalanıb.
“Biz də az öncə cənab Starmerlə bu mövzudakı əməkdaşlıq bəyanatına sizin hüzurunuzda imza atdıq. Bu razılaşmanı iki yaxın müttəfiq olaraq aramızdakı strateji əlaqələrin yeni bir göstəricisi kimi görürəm. Proses boyunca “Eurofighter” Konsorsiumu çərçivəsində Böyük Britaniyanın apardığı səylərə görə cənab Starmerə və onun komandasına təşəkkürümü bildirirəm. Konsorsiumun üzvü olan digər müttəfiq ölkələrin liderlərinə də konstruktiv mövqelərinə görə minnətdarlığımı ifadə edirəm. Böyük Britaniya ilə bu əməkdaşlığımızın müdafiə sənayesi sahəsində birgə layihələrə də yol açacağına inanıram”, – deyə R.T.Ərdoğan vurğulayıb.
Öz növbəsində Böyük Britaniyanın Baş naziri K.Starmer, ölkəsinin Türkiyəyə 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi təmin edəcəyini və gələcəkdə daha çoxunun alınması imkanının mövcud olduğunu bildirib: “Bu, NATO daxilində təhlükəsizliyi daha da dərinləşdirəcək və gücləndirəcək. Həmçinin ikitərəfli müdafiə sənayesi əməkdaşlığını da artıracaq”.
Qeyd edək ki, Türkiyə ümumilikdə 44 ədəd “Eurofighter Typhoon” qırıcısının (Qətər və Omandan 24, Böyük Britaniyadan isə 20 ədəd) alınmasını planlaşdırır.