AZ

İlon Mask “Vikipediya”ya alternativ yaratdı - “Grokipedia”

Amerikalı milyarder İlon Mask öz şirkəti xAI tərəfindən yaradılmış yeni internet ensiklopediyası — Grokipedia layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, layihə “Vikipediya”ya alternativ kimi nəzərdə tutulub.

Maskın fikrincə, yeni platforma istifadəçilərin kollektiv redaktəsinə deyil, süni intellektin — Grok çat-botunun fəaliyyətinə əsaslanacaq.

İlon Mask bildirib ki, Grokipedia “sivilizasiya üçün son dərəcə vacib olacaq” və bəşəriyyətə “Kainatı daha yaxşı anlamaqda kömək edəcək”. Lakin tənqidçilər hesab edirlər ki, bu ensiklopediya təkcə texnoloji deyil, həm də ideoloji layihə xarakteri daşıyır.

Xatırladaq ki, Mask bir ay əvvəl “Vikipediya”ya rəqib yaradacağı barədə planlarını açıqlamışdı. Bu ideya onun uzunmüddətli dostu və investoru Devid Saks tərəfindən irəli sürülmüşdü. Mask “Vikipediya”nı liberal meyllərdə ittiham etmiş, eləcə də The New York Times və NPR kimi media orqanlarının mənbə kimi istifadəsini tənqid etmişdi. Onun sözlərinə görə, Grokipedia bu qərəzdən uzaq olacaq və dünyaya daha balanslı baxış təqdim edəcək.
 

Yeni layihənin əsas fərqi — burada canlı redaktorların olmamasıdır. Bütün məqalələr Grok süni intellekti tərəfindən avtomatik “yoxlamadan” keçir və könüllülərin iştirakı nəzərdə tutulmur. İstifadəçilər mətnləri birbaşa redaktə edə bilməzlər, ancaq xüsusi forma vasitəsilə irad və təklif göndərə bilərlər.


Bununla belə, layihənin başlanğıc mərhələsində bəzi materiallar “Vikipediya”nın mətnlərinə əsaslanır. Məsələn, Fizika üzrə Nobel mükafatı haqqında məqalənin aşağı hissəsində “kontent Vikipediyadan uyğunlaşdırılıb” qeydi yer alır.

Mask artıq bəyan edib ki, ilin sonuna qədər “Vikipediya”nı mənbə kimi istifadə etməyi dayandırmaq niyyətindədir.

Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr