
Prezident İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Yeniavaz.com xəbər verir ki, “Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir.