Bu gün şair-publisist Tural Turanın ad günüdür.
Kulis.az bu münasibətlə müəllifi təbrik edir və şeirlərini təqdim edir.
Əllərimin yaddaşı
Əllərim dil açır
 gecənin içindən keçən tənha işığa.
 Yalvarır o işığın kölgəsiz addımlarına ki,
 öz doğum günündə güllələməsin
 yanaqlarına əsir düşən payızı.
 Əllərimin səsi eşidilmir bu gecə də,
 çıxıb gedir o tənha işıq,
 çıxıb gedir
 payızın sonuncu doğum gününə sarı.
 ...Və günəşin dirijorluğunda
 yıxılır bütün küləklər
 Ay işığının boynundan asılan
 edam kötüklərinə tərəf...
 O an dili tutulur ovuclarımın,
 unudur gecə işıqlarına söykənən
 bütün and yerlərini.
 Silinir,
 silinir əllərimin yaddaşından
 bütün müqəddəslər...
 35 yaşın şeiri
Hərdən
 divardakı fotolarım səsləyir arxadan,
 səsləyir ki, göy üzündən alnına məktub var.
 Hərdən
 qoluma girir, Tanrının işıq tərəfi.
 Hərdən
 ayaq izimi qocaqlayır kölgəm.
 Hərdən
 hər üçü deyir ki,
 bətnimizdən qopma, şair;
 Qopub düşmə
 səsini güllələyən payızın
 əlil qucaqlarına...
 Alnımdakı səngərdən keçirəm hərdən,
 boylanıram ara-sıra,
 boylanıram hələ məni tanımayan
 əlləri çəlikli tabutuma sarı...
 Bir azdan
 ömrünü donduran saatın
 əqrəbləri yüyürəcək mənə sarı.
 And yerini unutmuş qucağıma yıxılacaq
 son savaşdan da sağ çıxan
 otuz beş yaşım...
 Yazı masama günaydın deyəcək,
 anamın otuz altıncı duası...
 Sonra
 yenə Tanrı üşüməyim deyə
 çiynimə salacaq nimdaş kölgəmi
 və
 bütün xatirələr əynini dəyişəcək...
 ağ-qara fotolarımın arxasında!..
16 oktyabr 2024, Bakı
Səni elə sevdim ki...
Səni elə sevdim ki,
 Tanrı qısqandı
 bütün yaratdıqlarını.
Səni elə sevdim ki,
 sərxoş oldu göy üzündəkilər.
Səni elə sevdim ki,
 son nəfəsin qadını,
 qucağımda can verdi
 ayağın dəyən səkilər...
Səni elə sevdim ki,
 ləpələrindən
 küsdü bütün küləklər...
Səni elə sevdim ki,
 saçlarından
 özünü asdı küləklər.
Səni elə sevdim ki,
 Yağışın qanı dondu.
 Əyni dəyişdi qışın,
 öz andını soyundu...
Səni elə sevdim ki,
 döyüntüm də karıxdı.
 Səni elə sevdim ki,
 Tanrı göydə darıxdı...
Səni elə sevdim ki,
 bir də həmin fəsildə
 kimsəni sevməyəcəklər...
