AZ

Paytaxtı gözləyən təhlükə: 72 il əvvəl “peyda oldu” – Dövlət hərəkətə keçir?

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinə 450 milyon manat ayrılması planlaşdırılır. Bu məsələ ictimaiyyətdə bir sıra narahatlıqlara səbəb olub. Belə ki, bir neçə il əvvəl zavodun Qaradağa köçürülməsi müzakirə olunurdu. Lakin neftin ucuzlaşması, iqtisadi böhran, devalvasiya və inflyasiya səbəbindən layihə yarımçıq qaldı. Mütəxəssislər bildirirlər ki, zavodun yaşayış məntəqəsində yerləşməsi həm təhlükəsizlik, həm də ekoloji baxımdan yolverilməzdir. "Bakuinfo" xəbər verir ki, Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlı hələ 2015-ci ildə qərar verilmişdi: “Prezident 2008-ci ilin may ayında hökumətə tapşırmışdı ki, Bakı şəhəri hüdudlarında yerləşən iki neftayırma zavodunun şəhər kənarına köçürülməsi təmin edilsin. Bu məsələ 2015-ci ilin aprel ayına qədər bir neçə variantda müzakirə edildi və SOCAR modernləşdirmə ilə bağlı layihələndirmə işləri apardı və bu, olduqca baha başa gəldi. 2015-ci ildəki devalvasiyadan və neft qiymətlərinin ucuzlaşmasından sonra qərara alındı ki, yeni zavod tikmək əvəzinə, mövcud yer təmir olunsun. Həmin zavod 1953-cü ildə istismara verilib və hazırda 72 yaşı var. “Azərneftyağ” zavodu isə 2018-ci ildə demontaj edilərək ləğv olunmalı idi. Lakin bu gün də ilkin neft emalı proseslərində istifadə edilir. Zavodun yanından keçənlər orada hələ də məşəl yandığını görə bilərlər. Bu, emal prosesində əmələ gələn qazların havaya buraxılmaması üçün olsa da, prosesin ekologiyaya təsiri də az deyil”. İlham Şaban Ekspert bildirib ki, neft emalı zavodu yüksək risk dərəcəsinə malik sənaye obyektidir: “Əgər orada hər hansı yanğın və ya partlayış baş verərsə, bu, Bakının mərkəzində yerləşən, yanğın və ekoloji riskləri ən yüksək səviyyədə olan bir obyekt üçün çox təhlükəli olar. Qeyd etdiyim qərardan 10 il keçib, lakin zavodun biri hələ də Bakı buxtasının kənarında yerləşir. Bu isə həm ekologiyaya, həm bulvarın genişlənməsinə, həm də “Ağ Şəhər” kimi yeni yaşayış məntəqələrinin formalaşmasına mane olur. İnsanların burada normal oksigen qəbul etməsini çətinləşdirir. Maraqlısı odur ki, 10 il ərzində Heydər Əliyev adına Neftayırma Zavodunun modernləşdirilməsinə nə qədər vəsaitin xərcləndiyi barədə konkret rəqəmlərə rast gəlməmişəm. Bu barədə dəqiq məlumat yoxdur. Məsələ odur ki, zavodun modernləşdirilməsi prosesi davam edir və qrafikə görə bu işlər 2027-ci ilin dördüncü rübündə başa çatmalıdır. Təbii ki, ora kapital yönləndiriləcək, ancaq biz hələ də “Avro-5” standartında nə dizel yanacağı istehsal edə bilirik, nə də özümüzü benzinlə təmin edirik”. Heydər Əliyev adına Neft Emalı Zavodu İ.Şaban qeyd edib ki, zavodun emal gücü tələbatı ödəməyə çatmır və buna görə də idxal davam edir: “Bu idxal Türkmənistan, Rusiya, Belarus, Rumıniya, Bolqarıstan kimi ölkələrdən həyata keçirilir. Avqust ayından etibarən 95 markalı benzinin kiçik həcmdə ixracına başlanması müsbət haldır, amma idxal həcmi hələ də kifayət qədər böyükdür. Mən hər zaman belə obyektlərin şəhər daxilində saxlanmasının əleyhinə olmuşam. Təəssüf ki, ölkə başçısının uzaqgörən addımları tam şəkildə həyata keçirilməyib. Düşündülər ki, zavodun təmiri daha ucuz başa gələcək. Halbuki, İzmirdə sıfırdan tikilmiş zavod ötən il 13 milyon ton neft emal edib və ona 6,5 milyard dollar vəsait xərclənib. Biz isə ondan iki dəfə aşağı gücə malik bir zavodu tikmək istəyirdik. Lakin 10 il ərzində, həmin layihəyə daha çox vəsait xərcləndiyini ehtimal etmək olar. Rəqəmləri yalnız rəsmi qurumlar dəqiqləşdirə bilər. Hər halda, bu, kiçik məsələ deyil”. Mütəxəssis xatırladıb ki, 2025-ci ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti DTX) sözügedən zavodda iki dəfə baş verən qəza ilə bağlı əməliyyat da keçirib. “Yanğın və istehsal qəzası qısa zamanda lokallaşdırıldı. Amma bu fakt bir daha sübut etdi ki, belə bir təhlükə realdır”.

Seçilən
1
1
bakuinfo.net

2Mənbələr