AZ

Ölümü göz önünə alan qəhrəman

 “Bir an da olsun o məşum

gün yadımdan çıxmır. O gün hava tutqun idi. Günortadan sonra göy üzünü tamamilə

qara bulud almışdı. Nə baş verdiyini anlaya 

bilmirdim. Sanki havam çatışmırdı, boğulurdum. Telefonumuza gələn zənglərə

də, qapımız  döyüləndə də xəbər gözləyən

adam kimi qapıya qaçırdım. Atam, anam evdə idi, bir Çingiz yox idi. Onda indiki

kimi mobil telefon da yox idi ki, zəng edib qardaşımdan xəbər tuta biləydim.

Axşam oldu, amma Çingiz gəlmədi...  Axtarmadığımız

xəstəxana, meyitxana qalmamışdı, qardaşımı tapa bilmirdik”.Deyirlər, bir qədər keçdikdə

dərd yüngülləşir, yara qaysaq bağlayır. Amma elə yaralar var ki, yeri bir ömür

sağalmır, qan verir.  O dəhşətli  faciədən bizi 30 illik  zaman ayırır. Sanki dünən olubmuş kimi Aidə

xanım olanları xatırlayaraq göz yaşı içərisində boğulur. Olub keçənləri o bədbəxt

hadisə baş verdiyi gündə olduğu kimi nəql edir.1995-ci il oktyabrın 28-də

saat 17:50-də Bakı metrosunda bəşər tarixinin ən dəhşətli qəzalarından biri baş

verdi. “Ulduz” stansiyasından “Nərimanov” istiqamətində hərəkət edən metro

qatarında qəfil yanğın başladı. Bir anın içində alov vaqonu bürüyərək insanların

canını aldı. Sintetik materialların yanmasından yaranan tüstü, qoxu, vahimə – bütün

bunlar cəhənnəmi xatırladırdı. Hər kəs bircə şey haqqında düşünürdü: bu dəhşətli

alovun içindən canını necə xilas edə bilər?..Sərnişinlərin arasında əynində

zabit mundiri olan bir nəfər vardı. O, ölümdən qaçmrdı, ölümün üstünə yeriyirdi.

O düşünmürdü ki, bununla ölümsüzlüyə qovuşacaq. Bir məqsədi vardı – insanları

xilas etmək. Birini, ikisini, üçünü... Təhlükəsiz yerə çıxarır, yenidən alovun,

tüstünün, zəhərli qazın içinə atılırdı. Həm də Çingiz tək deyildi. Qəza baş verən

vaqonda onunla birlikdə olan kursantlar da insanları xilas etməyə səfərbər edilmişdi.O dəhşətli gündə 289 nəfər

həlak olmuş, 270 nəfər yaralanmışdı. Əgər o gün sərnişinlər arasında Çingiz

Babayev və onun kursant yoldaşları olmasaydı, qurbanların sayı qat-qat çox

olardı... Faciəyə səbəb qatarın tuneldə alışması, ölümün çox olmasına isə səbəb

xilasetmə əməliyyatının yetərsizliyi idi.Aida xanım deyir: “Qradaşım

işdən çıxanda iş yoldaşları onu öz avtomobilləri ilə gətirmək istəyiblər. Hətta

deyiblər ki, düz evinizə qədər aparacağıq, razı olmayıb. Deyib ki, “metro ilə

gedəcəyəm. Müharibəni başa düşmək olur. Bilirsən ki, qarşında, ətrafında düşmən

var. Müharibədə ya sən öldürəcəksən, ya da səni öldürcəklər. Xilas olmaq şansı

da var. Bu isə qəzadır, hadisədir. Bu hadisədə hamı canını xilas etməyə

çalışır. Başa düşmək olar ki, insanlıq naminə həyatını təhlükəyə atıb yaxınlığında

olan bir qocanı, bir uşağı da xilas etmək olar. Amma bir adam ki, təkrar-təkrar

özünü odun, alovun içinə atıb insanları xilas edirsə, bu, artıq qəhrəmanlıq

deyil, missiyadır. Təsəllim ondadır ki, o missiyanı qardaşımın boynuna Tanrı

qoyub”.Çingiz Adil oğlu Babayev 1964-cü

il  oktyabrın 2-də Bakı şəhərində anadan

olub. Bakıdakı 20 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan

Politexnik İnstitutunda ali təhsil alıb. 1986-cı ildə ali təhsilini başa vuraraq

 “Azərelektroterm” zavodunda əmək fəaliyyətinə

başlayıb.Bacısı Aidə xanım söhbətə

davam edir: “Çingiz məndən 7 yaş böyük idi. Çox çalışqan, həm də qayğıkeş idi. Uşaqlıq

illərim, Çingizlə bigə keçirdiyim günlərim, ömrümün ən gözəl günləri idi. Çingiz

çox maraqlı adam idi. Daim öyrənməyə üstünlük verən insanlardan idi. İngilis

dilini mükəmməl bilirdi. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq

Mərkəzində aparıcı mütəxəssis işləyirdi. Həmin ilin avqust ayı idi. Evə gələndə

gördük ki, əynində hərbi forma var. Evdə ata-anama deməmiş könüllü olaraq Milli

Ordu sıralarına yazılmışdı. Bir müddət Goranboy rayonu istiqamətində hərbi hissələrin

birində qərargah rəisi vəzifəsində çalışdı. Sonra onu Bakıdakı hərbi hissələrin

birinə dəyişdirdilər. 1994-cü ildə isə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı

ilə C.Naxçıvanski adına Hərbi Liseyə keçirildi. Yaxşı xidmət etdiyinə, təlim-tədris

sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai”

fəxri fərmanı ilə təltif edilmişdi. Çingiz elə bir adam idi ki, o, hər hansı

bir hadisəyə seyrçi qala bilməzdi. Əgər ətrafında bir hadisə baş verərdisə, mütləq

o da orada olmalı idi. Özünü düşünən adam deyildi. Metro hadisəsində də belə

oldu. Ata-anamı, məni yox, fəryad qoparan, kömək istəyən insanları düşündü qardaşım.

Hadisədən bir neçə gün sonra cənazəsini Binəqədi xəstəxanasının meyitxanasından

tapdı anam. Yanığı yox idi, zəhərli tüstüdən boğulmuşdu. Subay idi. 31 yaşında

özünü qurban verdi”.Çingiz Adil oğlu Babayev

ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ən yüksək mükafata

– “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına  layiq görlüb. Bakı metrosunun “Ulduz”

stansiyasında abidə kompleksi, C.Naxçıvanski adına Hərbi Liseydə isə büstü

qoyulub. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə qəhrəmanın  xatirə lövhəsi vurulub.Aida xanım deyir ki,

Çingizn ən çox xoşladığı qadın adı Mələk idi. Bir qızım var, adını Çingizimin şərəfinə

Mələk qoymuşam. Gözü yaşlı, ürəyi dərddən qübar bağlamış bacı susur. Sanki ürəyində

nə isə pıçıldayır. Yanaqlarına süzülən göz yaşını silib söhbətə davam edir: “Oğlum

olsaydı, onun adını verməzdim. Çingizə mərhum nənəmiz vaxtilə zabit olmuş qardaşının

adını qoymuşdu. Nənəmin qardaşının  da

ömrü qısa olmuşdu, elə Çingizin ömrü qədər. Bu ad bizim üçün düşərli ad

deyilmiş… Qoy onun xatirəsi qəlbimizdə belə yaşasın. Qızıma deyirəm ki, sənin

adını sən dünyaya gəlməzdən əvvəl dayın verib”.Çingiz sadə ziyalı ailəsində

doğulmuşdu. Anası Sədət xanım M.F.Axundzadə adına kitabxanada çalışırdı. Atası

Adil müəllim də, anası da, həmişə övladlarına “Vətən, xalq, dövlət üçün faydalı

vətəndaş olun!” tövsiyəsini vermişlər. Bu gün Çingizin adı  xalqımızın qəhrəmanlıq tarixinə fədakarlığın rəmzi

kimi düşən nadir insanlardandır. Hələ neçə illər keçəcək. Onun xilas etdiyi

insanlar, onların nəvələri nəticələri, bir də qədirbilən xalqımız Çingizin adını,

fədakarlığını unutmayacaq. Çingiz Babayev – ölümü öldürən bir qəhrəman, əbədiyyətin

yolçusu kimi yaddaşlarda əbədi olaraq 

yaşayacaq. Elşən QƏNİYEV,“Azxərbaycan”

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr