2030-cu il üçün dünyada təxminən 300 milyard kubmetr yeni illik mayeləşdirilmiş təbii qaz (LNG) ixrac gücü istifadəyə veriləcək — bu, rekord göstəricidir.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qaz 2025. Təhlil və 2030-cu ilə qədər proqnozlar” hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan artıma əsas töhfəni ABŞ və Qətər verəcək.
Sənədə əsasən, yalnız Birləşmiş Ştatlarda 2025-ci ildə artıq ildə 80 milyard kubmetrdən çox qazın mayeləşdirilməsi gücü təsdiqlənib — bu, ABŞ LNG sektoru üçün rekord göstəricidir.
“Bu misilsiz güc artımı qlobal enerji təhlükəsizliyini möhkəmləndirəcək və kəskin çatışmazlıq dövründən sonra yaranmış bazar gərginliyini azaldacaq”, - hesabatda qeyd olunur.
Bildirilir ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra yaranmış şokun ardınca qaz bazarları tədricən sabitləşir, lakin qiymətlər hələ də tarixi səviyyələrdən yüksək qalır. Bu isə tələbi, xüsusilə qiymətə həssas Asiya ölkələrində, məhdudlaşdırır.
Proqnoza əsasən, qlobal qaz tələbinin artımı 2024-cü ildəki 2,8%-dən 2025-ci ildə 1%-dən aşağı səviyyəyə qədər zəifləyəcək.
“Bununla belə, qazın mayeləşdirilməsi güclərinin genişlənməsi nəticəsində 2030-cu il üçün LNG-nin xalis illik təklifi 250 milyard kubmetr artacaq. Ciddi fasilələr baş vermədiyi halda, bu, qiymətlərin enməsinə və tələbin artmasına səbəb olacaq”, - sənəddə vurğulanır.